RU

Bir də Ağbaba ilə qucaqlaşmaq... Cavanşir FEYZİYEV

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pedaqoq, şair-publisist, folklorşünas alim, filologiya elmləri doktoru Avtandil Ağbabanın 70 illik yubileyinə

Azərbaycanın elmi və ədəbi həyatında özünəməxsus izi olan, sözünə, düşüncəsinə, elmi təfəkkürünə və milli məfkurəsinə görə xalq arasında böyük rəğbət qazanmış fədakar bir alimin – filologiya elmləri doktoru Avtandil Ağbabanın 70 yaşı tamam olur.

Qərbi Azərbaycanın Ağbaba mahalının Balıqlı kəndində dünyaya gəlmiş Avtandil İsrafil oğlu Məmmədov doğma kəndində səkkizillik məktəbi bitirdikdən sonra qonşu Təpəköy kəndində orta təhsilini tamamlamışdır. Ali təhsil almaq arzusu onu ucqar dağ kəndindən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirdi və burada Mir Cəlal, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseyinoğlu, Ağamusa Axundov, Yusif Seyidov, Tofiq Hacıyev, Cəlal Abdullayev, Pənah Xəlilov, Samət Əlizadə kimi görkəmli alimlərdən dərs aldı. Yeniyetmə yaşlarından poeziyaya xüsusi maraq göstərən gənc Avtandil hələ tələbə ikən öz şeirləri və publisistik məqalələri ilə ölkənin ədəbi-mədəni mühitində tanınmağa başladı.

Ali təhsilini başa vurduqdan sonra 1978-ci ildə doğma mahalında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlayan Avtandil müəllim qısa bir müddətdə təkcə sevimli peşəsinə vurğunluğu ilə deyil, həm də bədii yaradıcılığı ilə tanındı və sevildi. Doğma yurduna sevgi, ulu xalqının tarixinə heyranlıqla dolu şeirləri Amasiya rayonunun “Əmək” qəzetində dərc olunduqca el-oba onu şair Avtandil kimi də tanıdı.

O zamanlar həyat eşqi ilə dolu qayğısız bir həyat vardı Ağbabada. Səhər o başdan dağların üstündən boylanan günəşin Arpa gölündə əks olunan şəfəqləri günəş boyda bir gözəlin dağınıq saçlarına bənzəyirdi. Günəşin güzgüsü idi Arpa gölü. Suyun parlaq səthi üzərində bərq vuran günəşin çöhrəsi sanki öz gözəlliyindən utanaraq daha da qızar,  qızdıqca da torpağı canlandırardı. Səhər tezdən kənd yollarında bir-birini “sabahın xeyir” sözləri ilə salamlayan gülərüz və zəhmətkeş Ağbaba camaatı deyə-gülə iş-güc dalınca axışardı. Günəş öz çöhrəsini dağların arxasında gizlətmədən öncə eyni yollar onları doğma ocaqlarına qaytarardı. Bu ocaqların yaşı lap çox idi. Ağbaba sakinləri, onların ataları, atalarının ataları və ulu əcdadları da  beləcə səhər tezdən ailənin ruzisini qazanmaq üçün evdən çıxar, axşam qayıdardılar. Hər gün Arpa gölü üzərində onların görüşünə gələn günəşin gözəlliyinə tamaşa edə-edə, Allaha şüküranlıqla, təbiətə minnətdarlıq və bir-birinə xoş münasibətlə öz həyatlarını sürdürər, müqəddəs adət-ənənələrini nəsildən nəsilə ötürərdilər.

Amma bütün sabahlar xeyirli olmadı. Bir gün fələyin çərxi tərsinə işlədi. İrəvandan gələn bir göstərişlə Qarabağda ərşə çıxan “Miatsum” bağırtılarının sədası tezliklə İrəvan, Göyçə, Ağbaba, Zəngəzur, Dərələyəz mahallarına da yayıldı. Uzun illər ürəklərində kin-küdurət gəzdirən namərd düşmən vaxtilə onlara qucaq açmış el-obaya qənim kəsildi. Bir zamanlar Qərbi Azərbaycanda özünə sığınacaq tapmış yurdsuz-yuvasız ermənilər 1988-ci ildə bu torpaqların əzəli və əbədi sahiblərini qovmaq, qədim bir xalqın dədə-baba torpaqlarını etnik təmizləməyə məruz qoymağa qərar verdilər. Mənfur düşmənin gündən-günə şiddətlənən təhdidləri və hücumları qarşısında əliyalın qalmış xalqın minilllər boyu yaşadıqları, üzərində qurub-yaratdıqları müqəddəs torpaqları tərk etməkdən başqa yolu qalmadı.

O zaman Avtandil müəllimin də taleyinə qaşqınlıq yazıldı. Amma o sadəcə canını götürüb qaçmadı, canı qədər sevdiyi doğma Ağababanı da öz ürəyində Sumqayıta daşıdı. Ulu yurd yerinin adını öz adına qoşaraq onu özü ilə bərabər yaşatdı. O coğrafi bir yerdən başqa yerə köçmədi, Ağbaba ilə bağlı acılı-şirinli xatirələrini də, onun dağ boyda dərdini də özü ilə bərabər Sumqayıta gətirdi. Yeni bir həyat başladı – qaçqınlıq həyatı. Əgər buna həyat demək olarsa.

Sumqayıtda başlayan yeni həyat bambaşqa idi. Buranın səhərləri də başqa cür açılırdı. Ağbaba dağlarının çəmənliklərindən, dağ ətəyində boy qaldıran gül-çiçəklərindən və billur bulaqlarından süzülüb gələn təravətli rayihə duyulmurdu. Heç Ağbaba xoruzlarının sübh banı da eşdilmirdi. Xəzərin tez-tez coşan dalğaları da heç nəyi ilə Arpa gölünün ruhu sakitləşdirən həzinliyinə bənzəmirdi. Səhər açılar-açılmaz asfalt yollara qənim kəsilibmiş kimi sürətlə şütüyən və harasa tələsən avtomobillərin mühərriklərindən qopan vahiməli uğultular və sanki qulaqları deşmək üçün bir-biri ilə yarışa girmiş siqnal səsləri də heç nəyi ilə Ağbabanı xatırlatmırdı. Amma bütün bunlar Avtandil müəllimi qətiyyən ruhdan salmırdı. O, bütün bunları eşitmirdi, duymurdu. Hələ də özünün Ağbabalı dünyasında yaşayır və sanki elə lap bu yaxınlarda doğma yurda dönəcəkmiş kimi didərginliyin bütün məşəqqətlərinə dözərək yaşayır və yaradırdı.

Sumqayıt həyatı Ağbabada olduğu kimi sakit deyildi. Səhərlər orta məktəbdə dərs keçir, günortadan sonra çapa göndərməyə hazırladığı yazılarını redaktə edir, axşamlar isə iş masasının üzərində qalaqlanmış kitabları doyumsuzluqla oxuyur, Qafqaz və Anadolu türklərinin zəngin folklor arealını, bu folklorun özünəməxsus xüsusiyyətlərini araşdırırdı. Şəhər gecələri səssizliyə dalanda isə qürbət duyğuları onu yenidən Ağbabaya qaytarır, ürəyindən keçənləri poetik təxəyyülün süzgəcindən keçirərək doğma yurdu vəsf edən şeirlər yazırdı. Vətən həsrətli, yurd nisgilli bu şeirlər daha sonralar ”Ağbabaya gedən yollar”, “Durnalar işığa uçur”, “Qürbət elin ağrısı” kimi kitablarını ərsəyə gətirdi. Yuxusuz gecələrin manifesti sayıla biləcək silsilə yazıları müntəzəm olaraq “Ağrıdağ”, “Ulu Göyçə”, “Ədəbi İrəvan” və digər qəzet və toplularda işıq üzü gördü. Beləcə qaynayırdı Sumqayıt həyatı.

2000-ci ildən Sumqayıt Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Avtandil Ağbaba bu ali məktəbdə müəllimlikdən baş müəllim, dosent, professor vəzifələrinə qədər yüksəldi, iyirmi ilə yaxın həmin universitetin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışdı.

Gündüzləri Sumqayıtda iş başında, gecələri isə xəyalların qanadında Ağbabaya yollanan Avtandil müəllim beləcə iki dünyada yaşadı. Onun üçün iki fərqli həyat vardı: Ağbabada – Avtandil Məmmədov, Sumqayıtda isə Avtandil Ağbaba həyatı.

O da bütün Qərbi azərbaycanlılar kimi hər şeyini itirmişdi. Ağbabadakı isti ocağını, dədə-baba torpağını almışdılar əlindən. Düşmənsə hələ doymamışdı. Erməni ideoloqları o müqəddəs torpaqlar üzərində daim var olmuş bir millətin tarixini belə danmağa, mədəniyyətini özününküləşdirməyə çalışırdı. Onlar anlamırdılar ki, tarix yaşananlardır, bir xalqın yaşadıqlarını isə özününküləşdirmək heç zaman heç kimə nəsib olmayıb. Milli varlığımızın bədii əks-sədası dastanlarımızda əsatirləşib, nəsildən nəsilə ötürülüb, bu gün də yaşayır və sabah da yaşayacaq. Beləcə millət daim var olacaq. Bu inamla da didərginlik həyatını yaradıcılıq yoluna çevirən Avtandail Ağbaba təsəllisini mədəniyyətimizin təməl daşı olan folklor qaynaqlarımızı araşdırmaqda tapdı. Doğma yurd yerlərinin tarixini, xalqımızın yaşam tərzini, etnoqrafiyasını, adət-ənənəlirini və həyat fəlsəfəsini araşdırıb sistemləşdirməyə, öyrənməyə, öyrətməyə və gələcək nəsillərə ötürməyə qərar verdi. Gərgin elmi yaradıcılıq axtarışları uğurla nəticələndi.

2005-ci ildə “Qərbi Azərbaycan folklor ədəbi mühiti (Ağbaba-Şörəyel materialı əsasında)” mövzusunda elmi işini müvəffəqiyyətlə başa vuraraq filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldı.

2016-cı ildə “Azərbaycan aşıq yaradıcılığının regional xüsusiyyətləri (Ağbaba–Çıldır aşıq mühiti)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.

Avtandil Ağbaba öz tədqiqatlarında  sadəcə Qərbi Azərbaycanın folklor nümunələrini toplamaqla kifayətlənməyib, Anadolu və Qafqaz coğrafiyasında mövcud olmuş şifahi xalq yaradıcılığını müxtəlif istiqamətlər üzrə sistemləşdirib, onları elmi müstəvidə tədqiq edib və bu əvəzsiz mənəvi mirasın sosial-tarixi, elmi-mədəni mənzərəsini yaradıb. Bu tədqiqatlarda Qərbi Azərbaycan aşıq yaradıcılığı ümumtürk milli mədəniyyətinin ayrılmaz bir parçası kimi öz əksini tapıb. Avtandil müəllim Doğu Anadolu aşıq sənətinin elmi-fəlsəfi mahiyyətini, dastan və miflərimizin dərin qatlarını açaraq, mifologiyanı müasir elmin dili ilə Azərbaycan oxucusuna təqdim edib. Bu mənada o, həm keçmişimizi gələcəyimizə bağlayan körpü, həm də türk xalqının tarixi yaddaşını və mənəvi dünyasını qoruyan böyük bir söz adamıdır.

Avtandil Ağbaba üç şeir kitabının, beş publisistik əsərin, beş monoqrafiyanın, ali məktəblər üçün iki dərsliyin və bir dərs vəsaitinin, üç yüzə yaxın elmi və bədii-publisistik məqalənin müəllifidir. Dörd folklor toplusu, ali məktəblərin bakalavriat və magistratura səviyyələri üçün iyirmidən çox fənn proqramı hazırlayıb və nəşr etdirib. Onun monoqrafiyaları, dərslikləri, elmi məqalələri sadəcə akademik mətnlər deyil, milli kimliyimizin, ədəbi yaddaşımızın və folklor ruhumuzun elmi ifadəsidir. Azərbaycan aşıq yaradıcılığının və Qərbi Azərbaycan folklorunun mahir tədqiqatçısı kimi tanınan Avtandil Ağbaba çoxsaylı beynəlxalq elmi konfranslarda çıxışlar edir, onun araşdırmaları Türkiyə, Rusiya, Ukrayna, Polşa, İspaniya, Gürcüstan və digər xarici ölkələrdə nəşr olunur.

Avtandil Ağbabanın poeziyası da özünəməxsus təsir gücünə malikdir.  Onun şeirlərində bir xalqın ululuğundan və ucalığından doğan qürurla yurd itkisinin yaşatdığı ürək göynərtiləri heyrətamiz şəkildə çulğaşır. Od və su kimi bir-birinin tərsi olan bu iki hiss qəribə bir tərzdə vahid axına qoşulur və şüurdan süzülərək ruhun bütün hüceyrələrinə qədər işləyir. Ağlaya-ağlaya gülən, və ya gülə-gülə ağlayan adam necə heyrətləndirə bilərsə, Avtandil Ağbabanın ruhundan şeirlərinə hopdurduğu qürur və həsrət duyğusallığı da insanı o qədər özündən alır. Avtandil Ağbabanın ürək çırpıntılarından doğulan bu şeirlər  öz torpaqlarını həsrət və nisgillə xatırlayan bütöv bir xalqın ruhi yaşantılarının poetik simfoniyasıdır.  

Qaçqınlıq dəhşətdir. Qaçqınlıq insanı yandırır, amma sındırmır. Avtandil Ağbabanı da sındıra bilmədi qaçqın həyatı. Qaçqınlığın çağqınlığında itirmədiyi, illər boyu ürəyində bəslədiyi iki nəsnə vardı: Vətən sevgisi və doğma torpaqlara qayıtmaq ümidi. Elə bu ümidlə də Avtandil Ağbaba bu gün də gecə-gündüz çalışır. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Uzun illər Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Pöhrə” ədəbi birliyinə rəhbərlik edib. Hələ 2012-ci ildə “Əməkdar jurnalist” adına layiq görülüb.

Avtandil Ağbaba təkcə öz yaradıcılığı ilə deyil, yetişdirdiyi gənc ziyalılar nəsli ilə də Azərbaycan elminə və təhsilinə xidmət edir. Avtandil müəllimin yetirmələri bu gün ölkəmizin müxtəlif bölgələrində pedaqoji fəaliyyətlə məşğul olur, elmi müəssisələrdə tədqiqatlar aparırlar. İlham Mikayıl, Hafiz Misirli, Nemət Tahir, Afət Rəfiyeva, Səkinə Nağızadə, Kənan Aydınoğlu, Məhəməd Kərim, Orxan Zaman, Kənan Alıyev, Elvin İntiqamoğlu kimi gənc yazarların Sumqayıt ədəbi mühitində tanınıb formalaşmasında mütəsna rol oynayıb. O, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində təhsil alan tələbələrin və gənc ədəbiyyatçı alimlərin elmi fəaliyyətlərinə rəhbərlik edir. Yorulmaq bilmədən çalışan Avtandil Ağbaba “Xalq qəzeti”, “Sumqayıt”, “Vedibasar”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” və digər mətbuat orqanları ilə sıx əməkdaşlıq edir.

Pedaqoq, şair, publisist, folklorşünas alim, Əməkdar jurnalist Avtandil Ağbabanın 70 illik yubileyi bir alimin yaşı deyil, bir elm məktəbinin, bir tədqiqat ənənəsinin yubileyidir. Avtandil müəllimin elmi və bədii yaradıcılığı bir ömürlük elmi və mənəvi missiyanın praktik ifadəsidir. Ömrün  müdrik çağında ailə həyatında, peşəkar karyera və həyatın digər sahələrində çox arzularına çatıb, çox zirvələr fəth edib Avtandil müəllim. Arzular isə sonsuzdur və bu sonsuzluğun içində bir müqəddəs arzu var: Ağbaba ilə qovuşmaq, bir də Ağbaba ilə qucaqlaşmaq.

Bu yubiley təntənəsində çox hörmətli Avtandil Ağbabaya uzun ömür, möhkəm cansağlığı və ən müqəddəs istəklərinə çatmağı arzulayıram. Bütün arzularınız çin olsun, Avtandil müəllim!

30 oktyabr 2025-ci il

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
4
modern.az

5Источники