RU

Azərbaycanda pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür - AÇIQLAMA

 

Bakı, 6 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Sovet dövründən qalan və pestisidlərlə çirklənmiş ərazilər uzun illərdir insan, bitki, heyvan və ətraf mühitin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bu ərazilərin təmizlənməsi istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTİ) tərəfindən mühüm işlər həyata keçirilir. Bu çərçivədə aidiyyəti dövlət qurumları və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində ilkin qiymətləndirmə aparılıb, 11 rayon üzrə 14 məntəqədə təhlükə potensiallı obyektlər müəyyən edilib.

Bu barədə AZƏRTAC-a müsahibəsində AQTİ İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev bildirib. O qeyd edib ki, respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planına uyğun olaraq bir sıra dövlət qurumlarına, o cümlədən Agentliyə müvafiq vəzifələr həvalə olunub.

“Ötən il Ağstafa və Beyləqan rayonları ərazilərindən ümumilikdə 747 ton, cari ildə isə Samux və Füzuli rayonlarından 229 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması təmin olunub. Bundan əlavə, İmişli rayonunda iki məntəqədə 779 tona qədər tullantının qablaşdırılması yekunlaşdırılıb”, – deyə Ramazan Nəbiyev qeyd edib.

Müsahibimiz bildirib ki, qablaşdırılmış yüklər beynəlxalq təhlükəsizlik normalarına uyğun şəkildə xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınaraq zərərsizləşdirilməyə göndərilib. Növbəti mərhələdə bu yüklərin xüsusi lisenziyaya malik müəssisələrdə yüksək temperaturda yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır.

Sədr müavini əlavə edib ki, təmizlənmiş ərazilərdə torpağın bərpası məqsədilə bioremediasiya üsullarının – yəni mikroorqanizm və bitkilərin tətbiqi ilə təbii bərpa proseslərinin – həyata keçirilməsi nəzərdə tutulur.

“Bu tədbirlər ekosistemin qorunmasına, insan, heyvan və bitkilər üçün mövcud risklərin qarşısının alınmasına, eyni zamanda gələcək nəsillərin rifahına xidmət edir. Prosesin davamında digər rayonlarda da çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində kompleks tədbirlər davam etdiriləcək”, – deyə Ramazan Nəbiyev vurğulayıb.

R.Nəbiyev, həmçinin qeyd edib ki, bundan sonra idxal olunan bu tip məhsullara nəzarət daha da gücləndiriləcək, zərurətdən artıq həcmdə pestisidlərin ölkəyə gətirilməsinin qarşısı alınacaq. “Məhsulların istehsal statistikalarına uyğun kvotaların müəyyənləşdirilməsi sayəsində gələcəkdə bu maddələrin yığılıb çirklənmə yaratma riski tamamilə aradan qalxacaq”, – deyə R.Nəbiyev əlavə edib.

 

Избранный
30
1
azertag.az

2Источники