RU

“Qələmdən qələbəyə - qəhrəmanların izi ilə” – Masallıda tədbir

“Qələmdən qələbəyə - qəhrəmanların izi ilə” – Masallıda tədbir

 

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyi (AJB) Masallı rayon təşkilatında “Qələmdən qələbəyə - qəhrəmanların izi ilə” mövzusunda tədbir keçirilib.
Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, AJB üzvləri, şəhid ailələri, qazilər iştirak ediblər. 
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan AJB rayon təşkilatının sədri Akif Ağayev bildirib ki, 8 Noyabr xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan bir gündür. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Jurnalistlərin Vətən müharibəsinin həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi vurğulayan Birliyin sədri deyib ki, “Qələmdən qələbəyə” ifadəsi bu mənada təkcə söz sənətinin gücünü deyil, həm də informasiya cəbhəsində aparılan mübarizənin əhəmiyyətini əks etdirir. Jurnalist-publisist Akif Ağayev müəllifi olduğu “Fitrətimizdədir vətənpərvərlik” kitabında Masallının igid övladlarının qəhrəmanlıq dolu döyüş səhnələrini xatırladaraq, onların şücaət və fədakarlığının gənc nəslin yaddaşında əbədi yaşayacağına əmnilik ifadə edib.
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Zamin Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Flora İbadova çıxışlarında qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi xalqımızın birliyinin, dövlətimizin gücünün və Ordumuzun qəhrəmanlığının təntənəsidir. Hər iki natiq şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulmasının, qazilərimizin fədakarlığının işıqlandırılmasının mühüm əhəmiyyət daşıdığını gündəmə gətirib. 
Şəhid ailələrinin üzvlərindən Sucəddin Novruzov, Zahir Mirzəyev, Gülay Seyfullayeva, Sarıbala Babayev, Habil Rəhimov, Bayram Əsgərov, Habil Məmmədov Vətən uğrunda canlarından keçən əzizlərinin şərəfli həyat yolundan bəhs edib, onların xalqımız üçün qürur mənbəyinə çevrildiyini qeyd ediblər.
AJB-nin üzvü Əlihüseyn Şükürov bildirib ki, jurnalistlərin əsas missiyası şəhidlərin qəhrəmanlığını, qazilərin şücaətini işıqlandırmaq, onların şərəfli həyat yolunu gələcək nəsillərə örnək kimi təqdim etməkdir. 
Vətən müharibəsi iştirakçısı Kamaləddin Bağırov xatirələrində döyüş meydanındakı birlik və həmrəylik ruhundan, əsgər yoldaşlarının igidliyindən danışıb.
Şuşalı müəllim Rafiq Abbasov diqqətə çatdırıb ki, bu gün xalqımız təkcə Qələbəni deyil, həm də doğma torpaqlara qayıdış sevincini yaşayır, illərlə həsrətində olduğumuz yurd yerləri yenidən dirçəlir, həyat qayıdır.
İş adamı Ruslan Bağışov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının hər bir azərbaycanlı üçün mənəvi borc olduğunu deyib. 
Masallı şəhər 4 saylı tam orta məktəbinin şagirdləri qəhrəmanların xatirəsinə həsr olunan şeir parçalarını səsləndiriblər.
Sonda AJB Masallı rayon təşkilatının xatirə hədiyyələri təqdim olunub.

 

Elsevər Əliyev,
Faiq Mirzə.

 

Избранный
35
qht.az

1Источники