Məktəblərdə idman dərslərinin keçirilməsi şagirdlərin fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Lakin son dövrlərdə bəzi məktəblərdə bu dərslərin düzgün keçirilmədiyi və hətta idman dərsləri yerinə başqa fənlər keçirildiyi müşahidə olunur.
Bəs məktəblərdə idman dərslərinin düzgün şəkildə keçirilməməsinin əsas səbəbləri nədir? Niyə bəzi məktəblərdə fiziki tərbiyə dərsləri yerinə başqa fənlər təşkil olunur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəblərdə idman dərslərinin keçirilməməsi problemi təkcə təşkilati və infrastruktur məsələsi deyil, həm də təhsil siyasəti, məktəb idarəçiliyi və valideyn-məktəb münasibətlərinin zəif koordinasiyası ilə bağlı daha dərin sistemli səbəblərə dayanır:
"İdman dərslərinin tədris prosesindən kənarda qalması, uşaqların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərən əsas təhsil boşluqlarından biridir. Halbuki “Ümumi təhsil haqqında” Qanunun 9-cu maddəsində açıq şəkildə qeyd olunur ki, “ümumi təhsil müəssisəsində təhsil alanların fiziki tərbiyəsi, sağlamlığının qorunması və bədən tərbiyəsi fənninin tədrisi dövlətin əsas vəzifələrindən biridir”. Deməli, bu məsuliyyət yalnız məktəbin deyil, bütövlükdə təhsil sisteminin üzərinə düşür. Təhlil olunan faktlara görə, bir çox məktəblərdə idman dərslərinin keçirilməməsinin əsas səbəblərindən biri fiziki şəraitin və infrastrukturun qeyri-kafi olmasıdır. 2024-cü ildə aparılan monitorinqlər göstərib ki, ölkə üzrə 4400 ümumtəhsil məktəbindən təxminən 1700-də tam təchiz edilmiş idman zalı yoxdur. Xüsusilə kənd və qəsəbə məktəblərində bu göstərici 60%-dən çoxdur. Paytaxt məktəblərində isə zal olsa belə, çox zaman şagird sıxlığı səbəbindən idman dərsləri növbəlilik əsasında ya qısaldılır, ya da tamamilə başqa fənlərlə əvəz olunur".
Ekspert əlavə etdi ki, ciddi problemlərdən biri də ixtisaslı idman müəllimlərinin çatışmazlığıdır:
"Statistikaya görə, ölkə üzrə 7200 idman müəllimi fəaliyyət göstərsə də, təxminən 900 məktəbdə bu fənn üzrə kadr yoxdur. Müəllim çatışmazlığı səbəbindən dərslər ya ibtidai sinif müəllimləri, ya da digər fənn müəllimləri tərəfindən “idarə olunmuş kimi” göstərilir. Bu, həm tədrisin keyfiyyətinə, həm də şagirdlərin fiziki hazırlığının səviyyəsinə ciddi təsir göstərir. Digər səbəb, idman dərslərinin məktəblərdə prioritet hesab edilməməsidir. Müəllim və rəhbərlik səviyyəsində riyaziyyat, dil və ya informatika kimi akademik fənlərə daha çox üstünlük verildiyi üçün, idman dərsləri çox vaxt “boş vaxt” kimi qəbul edilir. Təhsil prosesinin nəticə mərkəzli, yəni imtahan və göstəriciyə yönəlik olması da bu vəziyyəti dərinləşdirir. Valideynlər də çox vaxt uşaqlarının akademik nəticələrinə fokuslandığından idman dərsinə əhəmiyyət vermir, bu da məktəbləri onu tədris planında formal şəkildə saxlamağa vadar edir. Mənfi nəticələr artıq görünür. Dünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatına görə, Azərbaycanda məktəbyaşlı uşaqların 26%-i artıq çəkiyə malikdir, bu da Avropa üzrə orta göstəricidən 9% yüksəkdir. 10-16 yaş arası uşaqların 43%-i isə gündəlik minimum fiziki aktivlik normasını yerinə yetirmir. Bu rəqəmlər birbaşa təhsil sistemində fiziki tərbiyənin zəifləməsi ilə əlaqəlidir".
Müsahibimiz qeyd etdi ki, Azərbaycanda Elm və Təhsil Nazirliyi bu istiqamətdə son illərdə bir sıra müsbət addımlar atıb:
"“Sağlam məktəbli” proqramı, “Məktəblilər arasında mini-futbol liqası” və “Olimpiya hərəkatı” təşəbbüsləri məktəblərdə idman fəaliyyətlərini stimullaşdırır. Nazirliyin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir, çünki məqsəd təkcə yarış təşkil etmək deyil, həm də idmanı məktəb mədəniyyətinə çevirməkdir. Lakin bu proqramların regionlarda bərabər tətbiqi, xüsusilə idman müəllimlərinin stimullaşdırılması və məktəblərdə idman infrastrukturunun yenilənməsi zəruridir. Təhlil nəticəsində aydın olur ki, məktəblərdə idman dərslərinin keçirilməməsi problemi təkcə fiziki şəraitin yoxluğu ilə deyil, həm də təhsil prioritetlərinin balanssızlığı ilə bağlıdır. Dəyişiklik üçün məktəb rəhbərləri və valideynlərdə idmana münasibət yenilənməli, bu fənn təhsil siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. İdman dərsi formal deyil, funksional xarakter daşımalı, hər bir məktəbdə onun keçirilməsi nəzarət mexanizmləri ilə təmin edilməlidir".
Kamran Əsədovun fikrincə, idman dərsləri uşaqların sağlamlığı, intizamı və sosial inkişafı üçün təhsilin ayrılmaz hissəsidir:
"Elm və Təhsil Nazirliyinin bu sahədə başladığı təşəbbüslər müsbət addımlardır, lakin bu siyasətin davamlı və kompleks xarakter alması üçün həm infrastruktur, həm müəllim hazırlığı, həm də ictimai şüur səviyyəsində paralel dəyişikliklər həyata keçirilməlidir. Məktəb yalnız bilik yox, sağlamlıq və davranış mədəniyyəti formalaşdıran mühit olmalıdır, idman dərsləri isə bunun əsas vasitəsidir".
Xədicə BAXIŞLI