"Türkiyəni 8 Noyabr - Zəfər Günü mərasimlərində "F-16" təyyarələri və Mehter orkestri təmsil edəcək".
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk çıxış edib.
"İki dövlət, bir millət" anlayışı ilə hər cür şəraitdə birlik və həmrəylik içində olduğumuz dost və qardaş ölkəmiz olan Azərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik", - Aktürk qeyd edib.
Məlumata görə, "Qələbə həftəsi" tədbirləri çərçivəsində noyabrın 7-də Mehter orkestri və Gəncə Dövlət Filarmoniya orkestri birgə konsert verəcəklər.
"8 noyabrda Prezident Qvardiyası Alayı Komandanlığının Mərasim Bölməsi tərəfindən təntənəli parad, Hərbi Hava Qüvvələrimizin altı "F-16" təyyarəsi tərəfindən isə döyüş təyyarələrinin paradı keçiriləcək", - deyə Aktürk bildirib.
Qeyd olunur ki, noyabrın 8-də nazirlik Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək mərasimlərdə komandanlıq səviyyəsində iştirak edəcək.