RU

Dünya liderləri iqlim dəyişikliyi ilə mübarizədə çağırışlar və öhdəlikləri müzakirə etmək üçün Belemdə toplaşır

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6–7-də Braziliyanın Para ştatında yerləşən Belem şəhərində iqlim sammiti keçiriləcək. Bu tədbir iqlim gündəliyi üzrə beynəlxalq səviyyədə səfərbərliyin və dialoqun vacib mərhələsi hesab olunur.

AZƏRTAC xəbər verir ki, Belemin “Parque da Cidade” parkında baş tutacaq sammit dövlət və hökumət başçılarını, nazirləri, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirəcək. Onlar iqlim dəyişikliyi ilə bağlı aktual problemləri müzakirə edəcək və yeni öhdəliklərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparacaqlar.

Sammit Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın təşəbbüsü ilə çağırılıb və 2025-ci il noyabrın 10–21-də elə həmin Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP30) hazırlıq baxımından əsas mərhələ sayılır.

Braziliya Xarici İşlər Nazirliyinin iqlim, energetika və ətraf mühit məsələləri üzrə katibi, səfir Maurisio Liriunun məlumatına görə, sammitin proqramına geniş plenar sessiya daxildir. Sessiyanın açılışı ölkə prezidentinin iştirakı ilə keçiriləcək və noyabrın 7-də də davam edəcək. Bundan əlavə, noyabrın 6-da “Əbədi Tropik Meşələ” Fondunun (Tropical Forests Forever Fund) nahar tədbiri paralel şəkildə baş tutacaq.

“Sammitin iki günü ərzində dövlət başçısının sədrliyi ilə üç mövzu üzrə sessiya keçiriləcək. Bu sessiyalarda “Meşələr və okeanlar”, “Enerjiyə keçid” və “Paris Sazişinin 10 ili: milli töhfələr və maliyyələşmə” mövzuları müzakirə olunacaq”, – deyə o bildirib.

Braziliya Xarici İşlər Nazirliyinin iqlim məsələləri departamentinin direktoru və ölkənin COP30 üzrə baş danışıqlar aparan səfir Liliam Şaqas vurğulayıb ki, sammitin Belemdə keçirilməsi Braziliyanın iqlim dəyişikliyi məsələsinə yüksək prioritet verməkdə siyasi əzmini nümayiş etdirir.

“Dünya qlobal temperaturun artım tendensiyasını birgə səylərlə dayandırmalıdır. Artıq ölkələrin emissiyaları azaltmasına və iqlim dəyişikliyinə uyğunlaşmasına kömək edən geniş normativ baza, alətlər və mexanizmlər mövcuddur. İndi isə bu məsələyə problemin miqyasına uyğun səviyyədə diqqət yetirmək lazımdır”, – deyə o qeyd edib.

Diplomat əlavə edib ki, dünyanın müxtəlif ölkələri və ümumilikdə dünya ictimaiyyəti ekstremal hava hadisələrinin getdikcə daha da artmasından narahatdır. “Məhz buna görə sammit bu müzakirələrə əlavə siyasi impuls vermək məqsədi daşıyır. Onun gündəliyi COP30-da nəzərdən keçiriləcək əsas mövzuları əks etdirir, lakin bu dəfə artıq dünya liderləri səviyyəsində”, - deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29 heyəti hazırda Belem şəhərindədir və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak edir.

Избранный
21
1
azertag.az

2Источники