"Yol hərəkəti təhlükəsizliyi mövzusu günümüzdə daha çox əhəmiyyət kəsb edir. Son illərdə piyada vurma halları artıb və bunun əsas səbəblərindən biri yüksək sürətdir. Sürət həddinin çox olması qəzanın fəsadlarını ağırlaşdırır. Bundan əlavə, şəhər ərazilərində düzgün piyada keçidlərinin olmaması da ciddi bir problemdir. Keçidlərin olmadığı və ya pis yerləşdirildiyi məkanlarda çoxsaylı qəzalar baş verir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev son zamanlarda baş verən avtomobil qəzaları zamanı piyadaların vurulma hallarından danışarkən bildirdi.

"Ölkədə sürəti azaldan həllərin tətbiqi vacibdir. Şəhərlərdə sürət həddinin aşağı salınması və daha yaxşı piyada keçidlərinin tikilməsi ilə qəzaların qarşısı alına bilər. Həmçinin, işıqlandırma və yol nişanları da piyada təhlükəsizliyini artırmaqda mühüm rol oynayır. Beləliklə, yol hərəkətində təhlükəsizliyi artırmaq üçün həm sürət həddi, həm də infrastruktur təkmilləşdirilməlidir", - deyə ekspert vurğuladı.
Xədicə BAXIŞLI