RU

Məktəblərə ayrılan vəsait artırılsa da, valideynlərdən niyə hələ də pul yığılır? – RƏY

“İlk növbədə qeyd edim ki, 2026-cı il dövlət büdcəsində təhsil xərclərinin 5 milyard 15,9 milyon manat səviyyəsində proqnozlaşdırılması Azərbaycanın təhsilə dövlət prioriteti kimi yanaşmasının davam etdiyini göstərir. Bu, 2025-ci illə müqayisədə 78,6 milyon manat, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz artım deməkdir. Büdcənin artımı dövlətin təhsildə keyfiyyətin, infrastrukturun və müəllim əməyinin dəyərinin yüksəldilməsinə verdiyi siyasi və sosial əhəmiyyətin göstəricisidir. Lakin maliyyə artımı ilə paralel olaraq, təhsil sistemində gözlənilən nəticələrin, yəni məktəblərdə şəffaf idarəetmə, tədris keyfiyyəti, vətəndaş məmnunluğu və sosial bərabərlik hələ tam təmin olunmadığı müşahidə edilir. Valideynlərdən pul yığılması, bəzi məktəblərdə tədris mühitinin zəif qalması və nəticələrdə irəliləyişin ləngiməsi göstərir ki, sistemdə maliyyə artımına uyğun idarəetmə mexanizmi formalaşmayıb”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri patrul.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov səsləndirib.

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 30-cu maddəsində qeyd edilir ki, “dövlət təhsilin maliyyələşdirilməsini təmin edir və təhsilalanlardan tədris prosesi ilə bağlı əlavə vəsait tələb edilə bilməz.” Bu norma aydın şəkildə göstərir ki, məktəblərdə valideynlərdən pul yığılması qanunsuzdur və dövlət maliyyələşdirmə sistemində səmərəlilik və şəffaflığın gücləndirilməsinə ehtiyac var. Təhsil xərclərinin artması ilk növbədə müəllimlərin maaşlarının, məktəb infrastrukturunun, dərslik təminatının və təhsil texnologiyalarının təkmilləşdirilməsinə yönəlməlidir. Lakin bəzi hallarda bu vəsaitlərin real təsir dairəsi məktəblərin idarəetmə səviyyəsində zəifləyir”,- deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, təhlil, 2024-cü ilin sonunda ümumi təhsil xərclərinin təxminən 72 faizi əməkhaqqı və sosial ödənişlərə, 18 faizi infrastruktur və kommunal xidmətlərə, yalnız 10 faizi isə innovativ təhsil və keyfiyyət inkişafına yönəldiyini göstərir:

“Bu bölgü sistemdə struktur balanssızlığını yaradır. Müəllimlərin sosial təminatı əsas prioritet olsa da, məktəblərin modernləşməsi, avadanlıq təminatı, psixoloji xidmət və idarəetmədə şəffaflıq üçün payın artırılmaması keyfiyyət artımını ləngidir.

Elm və Təhsil Nazirliyi son illərdə bir sıra mühüm islahatlar həyata keçirib – “Rəqəmsal Məktəb”, “Məktəbli avtobusu”, “Direktorların seçimi müsabiqə ilə” mexanizmləri, “Sertifikasiya” prosesi kimi yeniliklər sistemin idarəolunanlığını və məsuliyyətini artırmağa yönəlib. Bu siyasət çox müsbət və strateji addımdır. Lakin bu islahatların məktəb səviyyəsində real nəticə verməsi üçün maliyyə mexanizmləri nəticəyönümlü modelə keçirilməlidir. Yəni, hər bir məktəbin büdcə payı onun şagird sayı, tədris göstəriciləri, infrastruktur vəziyyəti və sosial göstəricilərinə uyğun olaraq müəyyən edilməlidir. Bu, “məktəb büdcəsi modeli” kimi tanınan beynəlxalq yanaşmadır və artıq Finlandiya, Estoniya, Polşa kimi ölkələrdə uğurla tətbiq olunur.

Dünya təcrübəsi göstərir ki, təhsil sistemində keyfiyyət yalnız maliyyə artımı ilə deyil, xərclərin effektiv idarəedilməsi ilə təmin olunur. Məsələn, Estoniyada təhsilə ayrılan pay ÜDM-in 6 faizini keçmir, amma bu ölkə PISA nəticələrinə görə Avropada birincidir. Bunun səbəbi resursların şəffaf bölgüsü, məktəblərin maliyyə muxtariyyəti və məsuliyyətli rəhbərlikdir. Azərbaycanda da bu model tətbiq edilərsə, hər bir məktəb öz resursundan necə istifadə etdiyinə görə hesabat verməli olacaq və valideynlərdən əlavə ödənişlər istəməyə ehtiyac qalmayacaq”.

media-img-20251104-wa0026

Kamran Əsədov bildirib ki, valideynlərdən pul yığılması halları həm də məktəblərin daxili ehtiyaclarının mərkəzləşdirilmiş maliyyə sistemi tərəfindən tam təmin olunmaması ilə bağlıdır:

“Təhsil Nazirliyi bu istiqamətdə “təhsil müəssisələrinin təsərrüfat müstəqilliyi” prinsipini tətbiq etməlidir. Bu zaman məktəblər öz büdcə idarəetməsini şəffaf apararaq sponsorluq, qrant və ictimai iştirak mexanizmləri ilə əlavə resurs cəlb edə bilər. Bu mexanizmlər bir çox inkişaf etmiş ölkələrdə uğurlu nəticə verir, çünki ictimai nəzarət şəffaflıq və hesabatlılıq yaradır.

Məktəblərin real inkişafı üçün dəyişikliklər yalnız maliyyə həcminin artırılması ilə deyil, bu vəsaitlərin səmərəli istifadəsini təmin edən idarəetmə və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə mümkündür. Bunun üçün direktorların fəaliyyət qiymətləndirilməsi, məktəb şuralarının səlahiyyətlərinin artırılması, daxili audit sistemlərinin tətbiqi və yerli təhsil idarəetmələrinin məsuliyyətinin artırılması zəruridir.

Elm və Təhsil Nazirliyinin təhsildə maliyyə islahatları istiqamətində fəaliyyəti müsbət və məqsədyönlüdür. Nazirlik 2026-cı il büdcəsində də vəsaitlərin daha çox infrastruktur, müəllim maaşı və rəqəmsal platformaların inkişafına yönəldilməsini planlaşdırır. Bu, strateji baxımdan düzgün addımdır. Lakin bu maliyyə artımının məktəbdə real hiss olunması üçün şəffaf büdcə, ictimai nəzarət və nəticə yönümlü idarəetmə prinsiplərinin tətbiqi vacibdir”.

Həmsöhbətimiz hesab edir ki, təhsil sistemində pul yığılması hallarının aradan qalxması və real inkişafın təmin olunması üçün təhsil siyasəti “büdcə artımı” mərhələsindən “keyfiyyətli nəticə” mərhələsinə keçməlidir:

“Hər əlavə manatın məktəbdə dərs keyfiyyətinə, müəllimin motivasiyasına, şagirdin öyrənmə şəraitinə təsiri ölçülməli və ictimai hesabatlılıq gücləndirilməlidir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə ardıcıl və əsaslı addımları Azərbaycan təhsilini keyfiyyət mərkəzli, şəffaf və sosial ədalətli sistemə çevirməyin ən real yoludur”.

Избранный
65
nocomment.az

1Источники