RU

Ananın uşaqlıq travmaları körpənin xarakterinə təsir göstərə bilər

Ana südündəki molekulyar dəyişikliklər uşağın temperamentinə təsir göstərə bilər.

AzPost xarici mediaya istinadla xəbər verir ki, Polşa Texnologiyaların İnkişafı Mərkəzinin alimləri apardıqları yeni araşdırmada maraqlı nəticələr əldə ediblər.

Tədqiqat göstərib ki, uşaqlıqda travma yaşayan qadınların südündə xüsusi molekulyar izlər qalır. Bu izlər əsasən mikroRNT və yağ turşularının səviyyəsindəki dəyişikliklərlə bağlıdır. Məhz bu molekulyar fərqlər körpələrin həyatının ilk ilində onların davranış və emosional xüsusiyyətlərinə təsir göstərə bilər.

Araşdırma Vrotslav şəhərində 103 ana–uşaq cütlüyü arasında aparılıb. Qadınlar doğuşdan sonra 5 və 12 aylıq dövrlərdə izlənilib. Beşinci ayda süd nümunələri götürülüb və körpələrin davranışına dair sorğular keçirilib. On iki ay sonra isə anaların uşaqlıq dövründə keçirdikləri mənfi təcrübələr qiymətləndirilib.

Məlum olub ki, uşaqlıqda zorakılıq, laqeydlik və ya ailə gərginliyi yaşamış anaların südündə üç növ mikroRNT — miR-142-3p, miR-142-5p və miR-223-3p — digərlərinə nisbətən daha çoxdur. Travmaların sayı artdıqca bu molekulların səviyyəsi də yüksəlir. Bu göstəricilər doğuşdan sonrakı depressiyadan asılı olmayıb, yəni nəticələr bu faktordan təsirlənməyib.

Eyni zamanda, həmin anaların südündə orta zəncirli yağ turşularının miqdarı az olub. Bu da ana qidalanması və bədən çəkisi nəzərə alınsa belə, dəyişməyib. Alimlərin fikrincə, uşaqlıqda yaşanan psixoloji travmalar bədəndə uzunmüddətli bioloji izlər buraxır və bu izlər hətta ana südündə də özünü göstərir.

Ən maraqlı nəticələrdən biri isə bu dəyişikliklərin körpələrin davranışı ilə əlaqəli olmasıdır. Belə ki, miR-142-5p səviyyəsi yüksək olan anaların körpələri 12 aylıqda daha şən və rahat davranış göstərib, aşağı səviyyədə olanlarda isə narahatlıq və qorxu meyli müşahidə olunub.

Alimlər bildirirlər ki, bu nəticələr ana südündən imtina üçün əsas deyil. Əksinə, məqsəd ondan ibarətdir ki, bu bioloji siqnalların sadəcə göstərici olub-olmadığını, yoxsa gələcək nəsillərə uyğunlaşma və dözümlülük qabiliyyəti ötürüb-ötürmədiyini anlamaqdır.

AzPost.az

Избранный
61
1
azpost.info

2Источники