BAKI, 7 noyabr. TELEQRAF
Almaniya əhalisinin əksəriyyəti hazırkı hökumətin fəaliyyətindən narazıdır.
Teleqraf xəbər verir ki, bu "Infratest dimap" tədqiqat institutunun ARD telekanalı üçün apardığı sorğuya əsasən məlum olur.
Belə ki , 76% respondent federal hökumətin işini qənaətbəxş saymayıb.
Sorğu nəticələrinə görə, yalnız 22% alman vətəndaşı Xristian-Demokratik / Xristian-Sosial İttifaqı (XDS/XSS) və Almaniya Sosial-Demokrat Partiyası (ASDP) koalisiyasının fəaliyyətindən razıdır. Müqayisə üçün, iyun ayında bu göstərici 50% idi.
Sorğu həmçinin hökumətin əsas fiqurlarına inamın da azaldığını göstərib. Belə ki, kansler Fridrix Mertsin fəaliyyəti ilə razı qalanların sayı cəmi 26% olub. Maliyyə naziri Lars Klinqbeyl (ASDP) də eyni göstəriciyə malikdir. Daxili işlər naziri Aleksander Dobrindtin (XSS) reytinqi dəyişməyib.
Bundan başqa, iştirakçıların 58%-i Almaniyanın xarici siyasət vəziyyətini “qeyri-müəyyən”, iqtisadi vəziyyətini isə daha mənfi qiymətləndirib. Cəmi 29% respondent Almaniya iqtisadiyyatını “sabit və etibarlı” adlandırıb.
Sorğu 3-5 noyabr tarixlərində keçirilib və 1,3 min nəfər iştirak edib.