RU

UNESCO-nun qərarı türk xalqlarının irsinin dünya sivilizasiyası üçün əhəmiyyətini göstərir - ŞƏRH

Bakı, 7 noyabr, Leyla Muradzadə, AZƏRTAC

UNESCO-nun 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etməsi barədə qərarı mühüm hadisədir. Təəssüf ki, uzun müddət həm Avropa, həm də Rusiya elmində, eləcə də qonşu regionlarda türk irsinə, tarixinə və türk xalqları ilə dövlətlərinin dünya sivilizasiyasına verdiyi töhfələrə münasibət tam da müsbət olmayıb. Yumşaq desək, türk irsinə bu mənfi münasibət onun tarixinin daha geniş şəkildə tanıdılmasına, təbliğinə və populyarlaşdırılmasına imkan verməyib. Çünki türk tarixinin və irsinin təbliği qarşısında həmişə müəyyən süni maneələr mövcud olub.

Bu fikirləri UNESCO-nun 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etməsi ilə bağlı qərarını şərh edərkən Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun Şimali Qafqaz üzrə kafedrasının dosenti Rizvan Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, UNESCO-nun qərarı həmin süni, uydurma maneələrin heç olmasa bir hissəsini aradan qaldırmağa və türkdilli xalqların mədəniyyəti, irsi, onların dövlətçilik anlayışının formalaşmasına, ölkələrin idarə edilməsi və ordu quruculuğu kimi sahələrdəki roluna dair əsl həqiqətləri nümayiş etdirməyə imkan yaradır.

“Bütün bu anlayışlar türk xalqları ilə ayrılmaz şəkildə bağlıdır. Türk xalqları tarix boyu həm döyüşçü, həm də hökmdar olublar. Onlar yaratdıqları imperiyalar, dövlətlər və siyasi qurumların sayına görə dünya miqyasında rekordçudurlar”, – deyə R. Hüseynov vurğulayıb.

Избранный
7
1
azertag.az

2Источники