RU

Məşhur Rokfeller Milad ağacı tezliklə Nyu-Yorka ucaldılacaq

Vaşinqton, 7 noyabr, AZƏRTAC

Bu Milad bayramı mövsümündə Nyu-Yorkda Rokfeller Mərkəzində ucaldılacaq məşhur küknar ağacı şəhərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, 23 metr hündürlüyündə 11 tonluq Norveç küknarı Nyu-Yorkdan təxminən 240 kilometr şimalda Şərqi Qrinbuş şəhərində kəsilib.

Daha sonra ağac 31 metr uzunluğunda qoşquya yüklənib. Onun şənbə günü Rokfeller Mərkəzinə çatacağı və meydanın məşhur buz meydançasına baxan “Art Deco” göydələninin qarşısında yer alacağı gözlənilir.

Ağac 50 mindən çox rəngbərəng, enerjiyə qənaət edən led işıqla örtüləcək və 370 kiloqrama yaxın “Swarovski” ulduzu ilə taclandırılacaq.

Küknarın işıqları dekabrın 3-də kantri musiqiçisi Reba Mak Entirin aparıcılığı ilə canlı televiziya yayımı zamanı yandırılacaq. Yanvar ayının ortalarına qədər nümayiş etdiriləcək, bundan sonra isə “Habitat for Humanity” təşkilatı tərəfindən istifadə üçün taxta halına salınacaq.

Ağac Cudi Russ və ailəsi tərəfindən bağışlanıb. O, ağacın 1920-ci illərdə ərinin ulu baba və nənəsi tərəfindən əkildiyini bildirib.

Qeyd edək ki, Rokfeller Mərkəzində ilk Milad ağacı 1931-ci ildə Böyük Depressiya dövründə əhval-ruhiyyəni qaldırmaq üçün işçilər tərəfindən qoyulub. 6 metrlik küknar ağacı işçilərin ailələri tərəfindən hazırlanmış əl işi çələnglərlə bəzədilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
79
3
azertag.az

4Источники