Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan icmasının üzvləri, Misirin dövlət qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli və xarici media nümayəndələri iştirak ediblər.
Mərasimin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Səfir Elxan Poluxov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi zəfər tarixindən danışıb, dünya hərb tarixi üçün unikal sayılan hərbi əməliyyatlardan biri - Şuşanın azad olunması əməliyyatının əhəmiyyətini diqqətə çatdırıb.
“Son 30 il ərzində Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmadı və ərazi bütövlüyünün bərpası yolunda sarsılmaz iradə nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında yetişən vətənpərvər gənclik dəfələrlə sübut etdi ki, Vətənin mənafeyi naminə hər cür fədakarlığa hazırdır. Bu sədaqət 44 günlük müharibə ərzində hər gün öz təsdiqini tapdı”, - deyə səfir E.Poluxov vurğulayıb.
Diplomat qeyd edib ki, oktyabrın 13-də Misir Prezidenti Əbdülfəttah əs-Sisinin və ABŞ Prezidenti Donald Trampın birgə sədrlikləri ilə 20-dən çox ölkənin liderlərinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş Şarm əl-Şeyx Sülh Sammitində qəbul edilmiş yekun sənəd Qəzzadakı müharibəyə son qoyulması, Yaxın Şərqdə sülh və sabitliyin gücləndirilməsi məqsədini güdür. Azərbaycan və Misirin regionda sülh mərkəzlərinə çevrildiyini diqqətə çatdıran səfir bildirib ki, ölkəmiz Fələstin münaqişəsinin sülh yolu ilə həllini tam dəstəkləyir və bu istiqamətdə əlindən gələni əsirgəmir.
Eyni zamanda, səfir çıxışında Dövlət Bayrağı Gününün yaranması tarixi barədə danışıb. Qeyd olunub ki, Azərbaycanın üçrəngli milli bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin hökuməti tərəfindən qəbul olunub. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycanın Dövlət Bayrağı ölkəmizin dövlətçilik atributlarından biri, milli suverenliyin simvolu və Azərbaycan Demokratik Cümhuriyyətinin xatirəsi olaraq Türk milli mədəniyyətinə, demokratik əsaslara və İslam sivilizasiyasına sədaqətimizi nümayiş etdirir.
Tədbirdə, həmçinin Qarabağ zəfərini əks etdirən fotoşəkillər nümayiş etdirilib.