RU

Tramp BMT-ni bu yolla “ağıllandırmağa” çalışır...


Əli Orucov: “Trampın BMT ilə bağlı belə bir qərar verəcəyi gözlənilən idi”

ABŞ islahatlar aparılana qədər BMT-nin maliyyələşdirməsini dayandırır. Bu barədə ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts bildirib.

O izah edib ki, BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-ın təzyiqi ilə təşkilatın büdcəsini 15% azaltmağa, ümumi heyət sayını 18% ixtisar etməyə və dünya üzrə sülhməramlı qüvvələrin sayını 25% azaltmağa razılaşıb: “Biz BMT-yə qarşı sərt davranacağıq. Düşünürəm ki, biz onu bir çox cəhətdən özündən xilas edəcəyik və dəyişikliklərə kömək edəcəyik”.

Hazırda BMT bir neçə ölkənin, o cümlədən ABŞ-ın ödənişləri gecikdirməsi səbəbindən təxminən 3 milyard dollar büdcə kəsiri ilə üzləşib. Bu durum təşkilatı xərcləri azaltmağa, yeni işçi qəbulunu dondurmağa və humanitar proqramları, o cümlədən uşaqlara və qaçqınlara yardımı məhdudlaşdırmağa məcbur edib.

Belə görünür ki, bir sıra beynəlxalq təşkilatların pulunu kəsən Tramp BMT-nin də pulunu kəsir.

“Hesab edir ki, digər dövlətlər də qurumun maliyyələşməsində fəal iştirak etməlidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, prinsipcə, Trampın BMT ilə bağlı belə bir qərar verəcəyi gözlənilən idi: “Çünki Donald Tramp prezident səlahiyyətlərinə başlayan kimi bu yöndə bir sıra qərarlar verdi. Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatından çıxdı. Tramp bunu onunla əlaqələndirdi ki, ABŞ digər ölkələrlə müqayisədə təşkilata çox pul ödəyir. O cümlədən, ABŞ NATO-da xərclərini azaltmaqda davam edir. Yəni NATO-nun maliyyələşməsini azaldır. İndi də növbə BMT-yə çatıb. Çünki uzun illərdir BMT-nin əsas donoru ABŞ-dır. BMT büdcəsinin 22 faizini (3,7 milyard dollar) ABŞ ödəyir. Üstəlik, dünyada sülhməramlı əməliyyatlara xərclənən 5,6 milyard dolların 27 faizi bu dövlətin üzərinə düşür. Yerdə qalan 78 faizlik maliyyə 192 dövlət arasında bölünür. Tramp artıq buna son qoymağa çalışır. Tramp hesab edir ki, digər dövlətlər də qurumun maliyyələşməsində fəal iştirak etməlidilər. Trampın ABŞ-ın üzvü olduğu beynəlxalq təşkilatların əsas donorlarından biri olmasından imtina etmək istəyi BMT-nin gələcəyini təhdid edir. Çünki maliyyənin azalması qurumun effektivliyini azaldır. Başqa bir tərəfdən, ABŞ ona lazım olduqda dünyanın istənilən bölgəsində, istənilən ölkədə hərbi əməliyyat keçirir. Bunun üçün ona BMT Təhlükəsizlik Şurasının qərarları lazım olmur. Ona görə də Tramp istəmir ki, BMT-nin maliyyə yükünün əsas hissəsi ABŞ-ın üzərinə düşsün. O üzdən, BMT-də islahatların aparılmasında, xərclərin azaldılmasında belə israr edir”.

Vidadi ORDAHALLI

Избранный
59
baki-xeber.com

1Источники