RU

Palantir — Wall Street-də ən bahalı şirkətin arxasında nə dayanır

Palantir Amerika bazarında nadir və fərqli hadisə sayılır. 2003-cü ildə yaradılan və uzun müddət kölgədə qalan şirkət bu gün ABŞ-ın ən bahalı publik şirkətlərindən biridir — o, artıq təkcə neft nəhənglərini və ən iri bankları deyil, həm də Boeing kimi sənaye nəhənglərini də kapitallaşma baxımından geridə qoyub.

İllik gəliri 4 milyard dollardan az olmasına baxmayaraq, Palantir 2025-ci ilin noyabrında bazar dəyərini 490 milyard dollara çatdırıb — bu, S&P 500 tarixində istənilən digər şirkətlə müqayisədə daha sürətli artım sayılır. Eyni mərhələdə Meta və Tesla kimi şirkətlərin gəlirləri bundan qat-qat yüksək idi. Cümə günü etibarilə Palantir-in “qiymət/gəlir” (P/S) nisbəti 85-ə bərabər idi — bu, S&P 500 indeksindəki bütün şirkətlər arasında ən yüksək göstəricidir.

Palantir fəaliyyətinə ABŞ xüsusi xidmət orqanları üçün kəşfiyyat məlumatlarının analizi məqsədilə proqram təminatı hazırlayan podratçı kimi başlayıb. Bu gün onun sistemlərindən Pentaqon pilotsuz uçuş aparatlarının hücumlarını aşkarlamaq, İmmiqrasiya Xidməti miqrantların hərəkətini izləmək, xəstəxanalar isə tibbi yardımı koordinasiya etmək üçün istifadə edir. Trampın hakimiyyətə qayıdışından sonra şirkət 1,6 milyard dollarlıq yeni dövlət sifarişləri alıb, o cümlədən ABŞ Vergi Xidmətindən 100 milyon, Müdafiə və Daxili İşlər nazirliklərindən isə on milyonlarla dollarlıq müqavilələr bağlayıb.

Palantir-in gücü nədədir

Palantir-in siyasi təsiri artdıqca onun mədəni rolu da böyüyüb — şirkət süni intellekt inqilabının, texnoloji vətənpərvərliyin və qeyri-ənənəvi uğurun simvoluna çevrilib. Onun səhmləri fərdi investorlar arasında çox populyardır: sentyabr ayına olan məlumata görə, Palantir pərakəndə treyderlər arasında ən çox alınan beş şirkət səhmindən biridir.

Baş direktor Aleks Karp analitikləri və mediada tənqidçiləri tez-tez qıcıqlandırır və Palantir-i “heç kimin düzgün dəyərləndirə bilmədiyi şirkət” adlandırır. O, Uol Strit-i tənqid edərək bildirir ki, analitiklər Palantir-i Amazon və Tesla kimi vaxtilə səhv qiymətləndirirlər.

Bu həftə “The Big Short”   filmindən tanınan investor Maykl Byuri Palantir-ə qarşı böyük “short” (azalma) mövqeyini açıqlayıb. Hazırda şirkəti izləyən 23 analitikin 16-sı səhm üçün “saxla”, 2-si “sat”, 5-i isə “al” tövsiyəsi verir. Ümumi konsensus proqnozuna görə, Palantir-in səhm qiymətləri yaxın 12 ayda 9,8% azalaraq 169 dollara düşə bilər.

Избранный
51
banker.az

1Источники