Sosial mediada “Canlı Barbi” kimi tanınan braziliyalı influenser Barbara Yankavski 31 yaşında müəmmalı şəkildə vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, o, noyabrın 2-də San Pauloda ölü tapılıb.
Təxminən 55 min izləyicisi olan Yankavski mənzilində yalnız alt paltarı ilə, sol gözündə yara və kürəyində qançırlar olan vəziyyətdə aşkarlanıb.
Hadisə gecəsi 51 yaşlı vəkil Renato Kampos Pinto de Vitto ifadəsində bildirib ki, o, Yankavski ilə “xüsusi xidmətlər” məqsədilə görüşüb və birlikdə vaxt keçiriblər. Onun sözlərinə görə, Yankavski hərəkətsiz qaldıqda kömək çağırıb. Təcili tibbi yardım briqadası doqquz dəqiqə ürək masajı aparsa da, influenserin həyatını xilas etmək mümkün olmayıb.
Polis bədəndəki izləri nəzərə alaraq, ölümü “şübhəli” kimi qiymətləndirib. Məhkəmə-tibbi və toksikoloji ekspertiza araşdırmaları davam edir.
Yankavskinin bir dostu isə onun gözündəki yaranın bir neçə gün əvvəl baş verən yıxılma nəticəsində yarandığını iddia edib.
Qeyd edək ki, sosial mediada çoxsaylı estetik əməliyyatlar keçirməsi ilə tanınan Yankavski izləyiciləri arasında “Canlı Barbi” və “İnsan Barbi” adları ilə məşhur idi.
"Cebheinfo.az"