Cənab Prezident İlham Əliyev həmin təməllər üzərində güclü, müasir və qalib Azərbaycanı formalaşdırdı. O, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə apardığı ardıcıl siyasətlə tarixi qələbəni reallığa çevirdi. Azərbaycan Ordusunun yüksək hazırlığı, müasir texniki imkanları, xalqın dövlətə inamı - bütün bunlar BMT qətnamələrinin real həyata keçməsini təmin etdi. Vətən müharibəsində xalq və rəhbərlik bir amal, bir ideya ətrafında birləşdi. Cənab Prezident İlham Əliyevin "dəmir yumruq" ifadəsi bu həmrəyliyin rəmzinə çevrildi: "Bu yumruq xalqımızın birliyinin simvoludur. Azərbaycan xalqı bu gün bu yumruq kimi birləşib və bu birlik əbədi olacaq!" Bu birlik yalnız 2020-ci ildə deyil, həm də 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı özünü göstərdi.Cəmi 23 saat 48 dəqiqəyə separatçılığın kökü kəsildi, Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu, dövlətimizin iradəsini və Ali Baş Komandanın qətiyyətini bir daha təsdiqlədi.
Şuşa azad olunduqdan sonra bu şəhər yenidən həyatla nəfəs almağa başladı. Cənab Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı üçrəngli bayrağımızı ucaldaraq bildirdi: "Bu bayraq burada əbədi dalğalanacaq." Bu an, təkcə bir rəmz deyil - tarixin yeni səhifəsinin başlanğıcı idi. "Zəfər Yolu"nun çəkilməsi, tarixi abidələrin bərpası, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül büstlərinin öz yerlərinə qaytarılması Şuşanın mənəvi dirçəlişinin simvoluna çevrildi. Bu gün Şuşada keçirilən Şəhər Günü tədbirləri yalnız bir tarixi xatırlatmaq deyil, həm də dirçələn şəhərin sevincini yaşamaq anlamı daşıyır. Köhlən atların nəriltisi, muğam sədaları, Xarıbülbülün ətri ilə dolu Şuşa küçələri yenidən bayraq, musiqi və poeziya şəhərinə çevrilib. Burada hər addımda Zəfər ruhu, hər daşda Vətən sevgisi duyulur. "Xarıbülbül" musiqi festivalı, "Vaqif Poeziya Günləri", "Şuşa Media Forumu" kimi beynəlxalq tədbirlər bu torpağın həm mədəniyyət, həm diplomatiya məkanına çevrildiyini göstərir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya hər səfəri isə yeni bir dirçəliş mərhələsinin başlanğıcını qoyur. Şuşa artıq təkcə qələbənin simvolu deyil - o, yaradıcılığın, qardaşlığın, birliyin ünvanıdır. Şəhər Günü münasibətilə bu torpaqda səslənən hər muğam, oxunan hər şeir xalqın qəlbindəki qürurun və minnətdarlığın musiqisidir.
Bu gün Şuşa - Azərbaycanın ruh qalası, qürur simvoludur. Burada keçirilən beynəlxalq tədbirlər, konsertlər, bərpa layihələri bu torpağın yenidən həyat tapdığını, Azərbaycanın sarsılmaz iradəsini təcəssüm etdirir. Cənab Prezident İlham Əliyevin hər səfəri, hər açılış mərasimi xalqın yaddaşında yeni bir qürur səhifəsi kimi qalır. Şuşa artıq bir şəhər deyil-xalqın ruhu, dövlətin qələbə möhürü, Azərbaycanın əbədi qürur paytaxtıdır. Şuşa azaddır, Şuşa yaşayır, Şuşa əbədi Azərbaycanındır!
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31