RU

Ölkədə “Məşədi İbad” təhlükəsi

50 yaşlı bir insanın azyaşlı bir qızı “evlənmək məqsədilə” qaçırması təkcə hüquq pozuntusu deyil...

Balakəndə 50 yaşlı Samir Rəhimovun 17 yaşlı qızı evlənmək məqsədilə qaçırması faktı bir daha göstərdi ki, erkən nikah və azyaşlıların hüquqlarının pozulması problemi hələ də aktual olaraq qalır. Bu, artıq tək bir ailənin yox, cəmiyyətin problemidir.

Azyaşlını evlənmək məqsədilə qaçıran şəxsin 50 yaşlı bir kişi olması isə xüsusi ikrah hissi oyadır. Bu artıq 17 yaşlı uşağın etdiyi səhv deyil. Bu, 50 yaşlı, bəzən hətta ağsaqqal adlandırdığımız bir fərdin ağılsızlığı, məsuliyyətsizliyidir... Uşaqları və gəncləri maarifləndirməli olduğumuz bir zamanda, görünür, 50 yaşlı insanların da maarifləndirilməsinə ehtiyac var... 

Son illər ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində xeyli iş görülsə də, təəssüf ki, bəzi hallarda ənənəvi düşüncə tərzi, sosial laqeydlik və hüquqi savadsızlıq bu səyləri kölgədə qoyur. Balakəndə 50 yaşlı kişinin 17 yaşlı qızı evlənmək məqsədilə qaçırması faktı bir daha göstərdi ki, erkən nikah və azyaşlıların hüquqlarının pozulması təkcə fərdi hadisə deyil, cəmiyyətin dərinliklərinə kök salmış sosial və mənəvi böhranın təzahürüdür. Bu kimi hallar cəmiyyətin hüquqi mədəniyyət səviyyəsinin, ailə institutunun və mənəvi dəyərlərin hansı vəziyyətdə olduğunu acı şəkildə göstərir. Uşaqların və gənclərin hüquqlarını müdafiə etmək yalnız dövlətin deyil, hər bir fərdin borcudur. Lakin bəzən elə görünür ki, biz “uşaqları qorumaq” dedikdə yalnız onlara nəsihət verməklə kifayətlənirik. Halbuki təhlükə çox zaman böyüklərin məsuliyyətsizliyindən yaranır. 50 yaşlı bir insanın azyaşlı bir qızı “evlənmək məqsədilə” qaçırması təkcə hüquq pozuntusu deyil. Cəmiyyət olaraq biz bu cür hadisələrə “ayıbdır” və ya “biabırçılıqdır” kimi reaksiya verməklə kifayətlənməməli, problemin kökündə duran səbəbləri anlamağa və aradan qaldırmağa çalışmalıyıq. Kəndlərdə, bölgələrdə, bəzən hətta şəhərlərdə belə qız uşaqlarının təhsildən uzaqlaşdırılması, ərə verilməsi və ya “qaçırılması” faktlarına rast gəlinir. Bununla da bir insanın uşaqlığı, təhsili və gələcəyi əlindən alınır. Erkən nikah təkcə bir ailənin faciəsi deyil, bütün cəmiyyətin inkişafına vurulan zərbədir. Çünki hər bir erkən nikah əslində bir qızın təhsilini, arzularını və potensialını məhv edir. Bu hadisə cəmiyyətin üzərinə ciddi məsuliyyət qoyur. Artıq təkcə uşaqları deyil, böyükləri də maarifləndirməyin zamanı çatıb. Çünki bəzi “yetkin” insanların düşüncə tərzi və davranışları təəssüf ki, cəmiyyət üçün daha təhlükəlidir. Qız uşaqlarını qorumaq təkcə onların ailəsinin deyil, məktəblərin, ictimai təşkilatların, medianın və dövlətin ortaq vəzifəsidir. Bu məsələni yalnız cinayət hüququ ilə deyil, həm də mənəvi, sosial və psixoloji səviyyədə həll etmək lazımdır. Əks halda, biz hər dəfə yeni bir “Məşədi İbad” hadisəsi ilə üzləşəcəyik, bu dəfə səhnədə yox, həyatın özündə.

Sevinc

Sevinc Fəda

Mövzu ilə bağlı Tribuna.info-ya danışan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədainin sözlərinə görə, bəzi insanların mənəvi dəyərləri və psixoloji sağlamlığı ciddi şəkildə zədələnib: “Təəssüf ki, belə hallar artıq fərdi problem yox, sosial problemə çevrilib. Biz bəzən maarifləndirməni yalnız uşaqlarla və gənclərlə məhdudlaşdırırıq. Halbuki cəmiyyətdə dəyərləri deqradasiyaya uğramış, psixoloji problemi olan yetkin insanlar var və bu şəxslər başqaları üçün təhlükə yaradır. Bu reallığı görməliyik. Bu kimi hadisələr bir daha göstərir ki, biz qızlarımızı, övladlarımızı daha ciddi şəkildə qorumalıyıq. Onlara yalnız ”ehtiyatlı ol" deməklə kifayətlənməməli, özlərini necə qorumağı, “yox” deməyi, təhlükəni tanımağı və kömək istəməyi öyrətməliyik. Bu, valideynlərin, məktəblərin, ictimai qurumların və medianın birgə məsuliyyətidir".

Roman

 Roman Qaraşov

İnsan hüquqları üzrə ekspert, vəkil Roman Qaraşov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Balakən rayonunda 50 yaşlı Samir Rəhimovun 17 yaşlı qızı evlənmək məqsədilə qaçırması faktı bir daha göstərir ki, erkən nikah və azyaşlıların hüquqlarının pozulması problemi hüquqi-normativ tənzimləmələrə baxmayaraq, hələ də aktual sosial çağırış olaraq qalır:  “Bu hadisə fərdi cinayət tərkibli əməldən daha çox, cəmiyyətin hüquqi mədəniyyət səviyyəsinin və sosial institutların effektiv fəaliyyət mexanizmlərinin yetərsizliyinin göstəricisidir. Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, adam oğurluğu, xüsusilə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə- ağır cinayət tərkibi kimi qiymətləndirilir və 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin hüquqi sanksiyanın mövcudluğu təkbaşına preventiv təsir göstərə bilmir. Qanunun preventiv funksiyası yalnız o halda reallaşa bilər ki, ictimai şüurda və hüquqi davranış mədəniyyətində belə əməllərə qarşı dərin mənfi münasibət formalaşsın. Problemin davamlılığında sosial-psixoloji amillər mühüm rol oynayır. Patriarxal dəyərlərin dominantlığı, gender stereotipləri və hüquqi maariflənmə səviyyəsinin aşağı olması qız uşaqlarının təhsil, fərdi inkişaf  hüququnu və iradə ifadə azadlığını məhdudlaşdırır. Beynəlxalq hüquqa görə, yetkinlik yaşına çatmayan şəxsin evliliyə "razılığı" hüquqi qüvvəyə malik hesab edilmir, çünki bu, psixoloji və sosial asılılıq şəraitində formalaşmış iradə pozuntusu kimi qiymətləndirilir. Bu kimi halların qarşısının alınması üçün yalnız cəza tədbirləri deyil, həm də kompleks institusional mexanizmlər sosial xidmətlər, psixoloji dəstək proqramları və maarifləndirici fəaliyyətlər paralel şəkildə tətbiq olunmalıdır. Bu, həm hüququn qoruyucu funksiyasını gücləndirir, həm də cəmiyyətin hüquqi şüurunun formalaşmasına xidmət edir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Избранный
29
musavat.com

1Источники