RU

Kamaləddin Qafarov: “Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır”

“2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək Şuşanı azad etməklə tarixin gedişatını dəyişdi. Qarabağın mədəni, mənəvi və strateji mərkəzi olan bu şəhərin azad olunması təkcə hərbi əməliyyat deyil, həm də xalqın iradəsini, milli birliyini və əzmini nümayiş etdirən hadisə kimi tarixə düşdü”.

Bu sözləri sabah qeyd ediləcək əlamətdar hadisə – 8 Noyabr Şuşa Şəhəri Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu qələbə Azərbaycan əsgərinin hünərinin, Ali Baş Komandanın qətiyyətinin və xalqın birliyinin nəticəsi idi. “Dünya hərb tarixində analoqu olmayan Şuşa əməliyyatı müasir dövrdə taktiki düşüncənin, milli ruhun və sarsılmaz inamın təntənəsi kimi dəyərləndirilir. Bu baxımdan tam əminliklə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. 2021-ci ilin yanvarında dövlət başçısının Şuşada üçrəngli bayrağımızı qaldırması Azərbaycan dövlətçiliyinin və milli iradənin əsl təntənəsi oldu.”

Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş şəhərlərə həsr olunan günlərin təsis edilməsi Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin əbədiləşdirilməsi baxımından mühüm siyasi və mənəvi hadisədir: “Ölkə Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu istiqamətdə yeni mərhələnin əsası qoyulub. Həmin sənədə əsasən, hər il noyabrın 8-də ölkəmizdə Şuşa Şəhəri Günü kimi qeyd olunması milli qürur və Zəfər təntənəsinin simvoludur. 28 illik ayrılıqdan sonra Şuşaya qayıdış yalnız torpağın azad olunması deyil, həm də milli-mənəvi dirçəlişin başlanğıcıdır. Qədim mədəniyyət beşiyi olan Şuşa bu gün sürətlə inkişaf edir, burada genişmiqyaslı infrastruktur layihələri icra olunur, tarixi-mədəni irsin bərpası istiqamətində mühüm addımlar atılır. İşğal illərində dağıdılmış abidələr yenidən bərpa olunur, şəhərin tarixi memarlıq siması qorunaraq müasir həyatla vəhdət təşkil edir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərin təkcə ölkəmiz üçün deyil, həm də bütün Türk dünyası üçün mənəvi məkan kimi əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə regionun dirçəliş rəmzinə çevrilib. Burada həyata keçirilən hər bir layihə həm dövlət siyasətinin uzaqgörənliyini, həm də xalqın Zəfər ruhunu əks etdirir”.

Избранный
36
13
veteninfo.az

10Источники