RU

Ekspert: BMT-nin son qərarı Dəməşqin beynəlxalq arenada legitimliyini artıracaq

Əziz Əlibəyli: Suriyanın sanksiyalardan çıxarılması böyük güclər arasında konsensusun nəticəsidir

BMT Təhlükəsizlik Şurası Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara və daxili işlər naziri Ənəs Xəttabı BMT-nin sanksiya siyahısından çıxaran qətnamə qəbul edib.
Sənəd ABŞ tərəfindən hazırlanıb.
Təhlükəsizlik Şurasının 15 üzvündən on dördü, o cümlədən Rusiya qətnamənin lehinə səs verib.
Çin isə bitərəf qalıb.
Qeyd edək ki, Əhməd əl-Şara və daxili işlər naziri Ənəs Xəttabın sanksiya siyahısından çıxarılması beynəlxalq ictimaiyyətin Suriyada siyasi proseslərin irəliləməsinə dair ehtiyatlı optimizmini əks etdirir.
BMT-nin bu qərarı Suriyada siyasi keçid prosesinə beynəlxalq dəstəyin göstəricisi kimi qiymətləndirilir. Qərarın qəbul edilməsi Dəməşqdə yeni hökumətin beynəlxalq arenada legitimliyinin artmasına və qarşısındakı bəzi maneələrin aradan qalxmasına imkan yarada bilər.

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara və daxili işlər naziri Ənəs Xəttabı sanksiya siyahısından çıxarması, ölkədə siyasi proseslərin yenidən canlanması üçün mühüm siqnaldır:

"Bu qərarla biz beynəlxalq legitimliyin bərpasına doğru atılmış addım kimi qiymətləndirilmənin şahidi oluruq. ABŞ-nin təşəbbüsü ilə qəbul edilən qətnaməyə Rusiyanın dəstəyi və Çinin bitərəf qalması, böyük güclər arasında Suriyaya dair nadir konsensusu göstərir. Çünki yeni rəhbərlik beynəlxalq səviyyədə qəbul olunur, deyə bilərik. Əgər bu addım ardıcıl islahatlarla müşayiət olunarsa, Suriya yaxın aylarda beynəlxalq arenada daha fəal iştirak edə bilər. Siyasi dialoqun genişlənməsi və humanitar yardımın artması ehtimalı yüksəkdir. Lakin daxili sabitlik zəif qalarsa, bu diplomatik irəliləyiş simvolik səviyyədə ilişib qalacaq".

Aynur Babazadə
Избранный
40
1
sherg.az

2Источники