RU

Milli İncəsənət Muzeyində sərgi: “Zəfərin rəngləri” - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində “Zəfərin rəngləri” adlı sərginin açılış mərasimi keçirilib. Muzeydən SİA-ya bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgi 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5 illiyinə həsr olunub.

Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək “Zəfərin rəngləri” sərgisinin qələbəmizin sənət salnaməsini yaradan rəssamların Vətənə olan sevgisinin, qürur və birliyimizin rənglərdəki təcəssümü olduğunu vurğulayıblar.

“Zəfərin rəngləri” sərgisinin ekspozisiyasında tanınmış və gənc rəssamların Vətən müharibəsi qəhrəmanlarına, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinə, Böyük qayıdış mövzularına, Qarabağın füsunkar təbiətinə həsr olunmuş əsərləri nümayiş olunur.

Sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, həmçinin təsviri sənətin müasir təmsilçiləri sırasında yer alan Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Mirzə Quliyev, Hafiz Kərimov, Ülkər Əliyeva və digər rəssamların müxtəlif texnikalarda işlədikləri əsərləri təqdim olunur.

Təsviri sənətin rəngkarlıq və qrafika növlərində işlənmiş kompozisiyalar, eləcə də dekorativ-tətbiqi sənətə aid qobelen nümunələri möhtəşəm qələbə ruhunu, xalqımıza Zəfər sevincini bəxş etmiş igid qəhrəmanların obrazlarını bədii dildə ifadə edir. “Cıdır düzü”, “Xarıbülbül ”, “Xudafərin körpüsü”, “Qayıdış”, “Zəfərin şəfəqi”, “Şuşa, sən azadsan” və digər əsərlər daşıdıqları ideya-bədii məzmunu ilə ekspozisiyanın əsas konseptual xəttini təşkil edir.

Sərgi noyabrın 9-dək davam edəcək.

Избранный
7
3
sia.az

4Источники