Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycanda ictimai yerlərdə qaydalara əməl olunmaması tez-tez rast gəlinən hallardandır.
Yeniavaz.com xəbər verir ki, bu cür hallar həm sürücülərin və sərnişinlərin davranışında, həm də gündəlik münasibətlərdə özünü göstərir.
Məsələn, bəzi sürücülər qaydaları pozaraq əks yola çıxır, piyadalar yaşıl işığın yanmasını gözləmədən yolu keçir, insanlar avtobus dayanacaqlarında və ya mağazalarda növbə gözləmir, bəzən də ictimai yerlərdə yüksək səslə danışaraq başqalarının rahatlığını pozurlar və s.
Belə davranışlar bir çox hallarda bəzi insanlar üçün adi hala çevrilir ki, bu da ümumi davranış mədəniyyətinin formalaşmasına mənfi təsir göstərir.
Bəs insanlar niyə qaydalara əməl etmir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan klinik psixoloq Ofelya Məmmədova bildirib ki, insanların qaydaları pozması psixoloji səbəblərdən qaynaqlanır:
“Cəmiyyətdə hər birimizin gündəlik həyatını tənzimləyən yazılı və yazılmamış qaydalar var. Amma bəzən insanlar bu qaydaları bilərəkdən pozurlar. Bunu sadəcə “tərs xasiyyət” və ya “hörmətsizlik” kimi görmək çox səthi baxış olardı. Qaydaları pozmaq, əslində, insan psixikasının dərin qatlarından qaynaqlanan bir davranış modelidir. Psixoloji baxımdan insanın ehtiyacları, duyğusal boşluqları və özünü ifadə formaları anlaşılmadan bu davranışı dəyişmək mümkün deyil”.
Ofelya Məmmədova deyir ki, qaydaları pozmaq insanın özünü ifadə etmə formasıdır:
“Məsələn, uzun müddət susdurulan, fikirlərinə dəyər verilməyən bir fərd bir anda sosial və ya ailə qaydalarını pozaraq “Mən də varam!” mesajını verir. Bu, daxildə yığılan emosiyaların partlayışı kimi başa düşülə bilər”.
Psixoloq qeyd edir ki, qayda pozuntularının bir neçə əsas səbəbi var:
“Bəzi hallarda qayda pozmaq nəzarət hissi üzərində mübarizənin nəticəsidir. İnsanlar həyatlarında çoxlu məcburiyyətlər hiss edəndə, ailə, iş və ya cəmiyyət tərəfindən sıxışdırılanda içlərindəki azadlıq ehtiyacını qayda pozmaqla yaşadırlar. Yəni bu davranış, “öz üzərində hakimiyyəti bərpa etmək” cəhdidir.
Bəzi insanlar isə qaydaları pozmaqla diqqət və tanınma ehtiyaclarını qarşılamağa çalışırlar. Xüsusilə uşaq və yeniyetmə yaşlarında bu davranış “məni görün” çağırışıdır. Qayda pozmaq onlar üçün üsyan deyil, “varlıq sübutu”dur.
Digər tərəfdən isə insanlar qaydaları pozurlar, çünki onların mənəvi sistemində bu qaydaların mənası yoxdur. Məsələn, ədalətsiz qayda və ya cəmiyyətin formal davranış normaları insanda daxili ziddiyyət yaradır. Bu halda qaydanı pozmaqla sanki ədaləti bərpa etdiyini düşünür”.Psixoloq Nizami Orucov isə deyir ki, insanların qaydaları pozması bəzən də azadlıq və müstəqillik ehtiyacından qaynaqlanır:
“Hər kəs istəyir ki, öz qərarlarını özü versin, həyatına nəzarət edə bilsin. Amma qaydalar çox sərt, məcburi və ya basqı kimi təqdim olunanda, insan bunu azadlığına müdaxilə kimi qəbul edir. Bu zaman qaydanı pozmaq, bir növ “öz gücünü geri almaq” və “mən də varam” demək forması olur”.
Nizami Orucov bildirir ki, qayda pozuntularında sosial təsir də böyük rol oynayır:
“Ətrafdakı insanlar qaydaları pozursa və bu normal qarşılanırsa, fərd də bunu problemli saymır. “Hamı eləyir, mən niyə eləməyim?” düşüncəsi yaranır və məsuliyyət hissi bir növ paylaşılır. Yəni insanın qaydanı pozanda məqsədi bəzən nə üsyan etmək, nə də kiməsə zərər vermək olur. O, sadəcə içindəki tarazlığı qorumağa, azadlıq hissini ifadə etməyə və bəzən də ədalətsiz gördüyü sistemə qarşı reaksiya verməyə çalışır”.Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.