RU

Azərbaycanın ilk neft mühəndisi və ilk nazir qadını: Sovet rejimi onu niyə cəzalandırdı? 

Cənubi Azərbaycanın Gərmərud mahalında (Sərab vilayəti) Məhəmmədtahir bəy adlı bir gənc vardı. O tez-tez vətənin uzaqlardakı gözəl Qarabağ ilə çox maraqlanır, oralara getməyə, gəzməyi düşünürdü. Bir gün ailəsindən icazə alıb adını hər kəsdən maraqla dinlədiyi Qarabağa yol alır. Az gedir, üz gedir, dərə-təpə düz gedir , nəhayət soraqlaya-soraqlaya gəlib axtardığı məkana çatır. Təbii gözəlliklər, möcüzə hava- su onu necə məftun edirsə, bir gün bu yerlərdə məskən salacağını düşünür. Amma ata-anasına söz verdiyi üçün geri qayıtmaq məcburiyyətində qalır. Gərməruda döndükdən sonra da gəzdiyi Qarabağ ellərini, xüsusən Şuşanı unuda bilmir. Harda oturursa, hara gedirsə Qarabağın gözəlliklərini hər kəlməsi ilə vəsf edir. Məhəmmədtahir bəy ailə sahibi olur, oğul -uşaq böyüdür deyə bir də o yerlərə dönə bilmir. Amma övladlarına o yerdə yaşamağı tövsiyyə edir. Beləliklə, onun törəmələri bir yığışaraq Qarabağa köç edir. Tanınmış araşdırmaçı jurnalis , mərhum Ənvər Çingizoğlu öz araşdırmalarında qeyd edir ki, Məhəmmədtahir bəyin törəmələri Şuşa şəhərində, Cavanşir mahalının Kəngərli və Qapanlı ( Tərtər rayonun kəndləri) kəndlərində yerləşirlər. Mərhum jurnalist onu da vurğulayır ki, Tahirovlar nəslinin adlı -sanlı şəxsiyyətləri olub və onlar Azərbaycan xalqına xidmətləri ilə seçiliblər: Qafqaz müsəlmanlarının IV Şeyxülislamı Mirzə Həsən Tahirzadə həm də Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəssis olub. Onun oğlu Nəsir bəy Tahirov da ziyalı biri olub, Qori Müəllimlər Seminariyası məzunu imiş. Bu nəsil tanınmış şairləri ilə də seçilib. Yəqin ki, bir çoxunuza Mirzə Bəybaba Fəna və qızı

Fatma xanım Kəminə adı tanışdır.

Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, müəllim Qənbər bəy Tahirov da, “Pravda” qəzetinin Azərbaycan üzrə keçmiş müxbiri Leonid Tahirov da bu nəslin fəxrləri olub.

Bu gün bu nəslin ən hörmətli, savadlı və ziyalılarından olan Tahirə Tahirovadan danışacağıq. Çünki onu gənc nəsil demək olar ki, tanımır.

 Kimdir Tahirə Tahirova?

Sovetlər dönəmində Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini kimi böyük titullar daşıyan Tahirə xanım ilk nazir olan Azərbaycan qadınıdr!Bu hələ onun ilk “ilk”i deyil, Tahirə xanım həm də ilk xanım neft mühəndisi kimi dillərə dastan olub.

Xalqımız belə savadlı, bilgili, diplomatiyanı kişilərdən az bilməyən, neft sənayesində səriştəsi , savadı ilə kişi həmkarlarının çoxunu kölgədə qoyan fəxr ediləsi bir Azərbaycan övladıdır.

İndi onu sizə dərindən tanıdaq:

Deməli, Qafqaz müsəlmanlarının IV Şeyxülislamı Mirzə Həsən Tahirzadənin oğlu Nəsir bəy kimi digər oğlu Əkbər bəy də dövrünün savadlısı, ziyalısı olub. Beləki, o zamanlar çox məşhur olan Qori müəllimlər seminariyasını bitirən Ə.Tahirov rus dili müəllimi kimi Türkmənistan vilayətinə göndərilir. 7 noyabr 1913-cü ildə Türkmənistan Respublikasının Marı vilayətində Bayramalı şəhərində Əkbər müəllimin Tahirə adlı bir qızı dünyaya gəlir.

Mənbələrdə deyilir ki, 1920-ci ildə Tahirovlar ailəsi Bakıya köçür. Tahirə xanım Bakıda orta məktəb 1929-cu ildə müvəffəqiyyətlə başa vurur. Sevdiyi ən çətin ixtisasa doğru addım-addım irəliləməyə başlayır. İlk öncə, Azərbaycan Neft İnstitutunun nəzdindəki fəhlə fakültəsinə daxil olur, sonra həmin institutunun dağ-mədən fakültəsinə daxil olur. 1935-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Bəli, Tahirə xanım həm də neft sənayesi üzrə təhsil alan, neft mühəndisi olan ilk azərbaycanlı qadın kimi tarixə adını yazdırır.

Neft mühəndisi kimi Bakının bir sıra neft mədənlərində çalışır. Neft sahəsində çalışan ilk qadın olduğu üçün bir çox çətinliklərdən keçməli olub.

Neft işinin sırf kişi işi olduğunu düşünən əks cinsin üzvləri onu öz kollektivlərinə qəbul etmək istəmirdilər. Gənc Tahirə isə istedad və bacarığı ilə sübut edir ki, qadınlar zərifdir, amma zəif deyillər!

Deyilənə görə, tələbə vaxtı tanış olduğu geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla ailə həyatı qurur. (Qeyd:Abdulla Bayramov Azərbaycan SSR-də rəhbər vəzifələrdə çalışıb.Mərkəzi Komitədə katib, Mədəniyyət naziri, Geologiya İdarəsinin rəisi və s. vəzifələrdə işləmişdir. Ötən əsrdə Azərbaycan rəhbərləri İman Mustafayev və Mirzə Ibrahimova birlikdə “Azərbaycan dili Azərbaycan SSR-də dövlət dilidir” adlı möhtəşəm sənəd imzalayıb)Amma aradan heç bir il ötməmiş Böyük Vətən müharibəsi başlayır. Həyat yoldaşı başqa gənclər kimi cəbhəyə yola düşür. Həmin illərdə, 1941-ci ildə ailənin Rauf adlı bir övladı olur. (Yəqin ki, o vaxt heç kim bilmirdi ki, bu körpə gələcəkdə görkəmli riyaziyyatçı-alim, azərbaycanda müasir cəbr elminin banisi olacaq)

Abdulla müəllim cəbhədən isə geriyə mayor kimi dönür. Amma sovet rejimin bütün çətinliklərinə sinə gərərək öz işlərini layiqincə həyata keçirməyə başlayırlar.

Baxmayaraq ki, ər-arvada oğluna sünnət etdikləri üçün Kommunist Partiyası tərəfindən “Töhmət” verilmişdi, amma bu ailəni həvəsdən salmadı. Beləki, Tahirə xanım 1954–1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsində çalışır. 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri və həmçinin Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədrliyi vəzifəsini icra edir. 1959–1983-cü illər ərzində Azərbaycan SSR xarici işlər naziri kimi fəaliyyət göstərir, düz 24 il! Paralel olaraq 1963–1968-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşıyırdı.

1980–1988-ci illərdə İran-İraq müharibəsi zamanı Tahirə Tahirova SSRİ-nin sülh üçün vasitəçilik edən nümayəndə heyətinin üzvü olur. Nazirliyi dövründə Azərbaycan diplomatlarının SSRİ səfirliklərində fəaliyyətinə və Diplomatik Akademiyada təhsil almalarına xüsusi diqqət yetirir. O, həmçinin Sovet hökuməti və parlament nümayəndə heyətlərinin tərkibində BMT Baş Assambleyasının iclaslarında iştirak edir və Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqların qəbulunda fəal rol oynayır.

Təsəvvür edirsiniz bu nə deməkdir? Bu, əslində “minalı sahədə gözüyumulu yerimək” kimi böyük bir cəsarətdir. Həm də hər uyğun görmədiyi xırda detala görə insanı yerlə yeksan etməkdən çəkinməyən sovet rejimində qadın olaraq bu vəzifələri , bu məsuliyyəti daşımaq necə çətin imiş? Bunu ancaq işinə vurğun olanlar, xalqına aşiq insanlar bacarar.

Elə buna görə də , T.Tahirova SSRİ Ali Sovetinin 4-cü çağırış, həmçinin Azərbaycan SSR Ali Sovetinin 3, 5, 6 və 7-ci çağırışlarının deputatı olur.

1976-cı ildə diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ Xarici İşlər Nazirliyinin təqdimatı ilə “Xalqlar dostluğu” ordeni ilə təltif olunur, “Qırmızı əmək bayrağı” ordeni, “Lenin” ordeni, “Şərəf nişanı” ordeni ilə mükafatlandırılır.

Azərbaycanın ilk nazir qadını 1991-ci ildə 78 yaşında vəfat edir. Həyat yoldaşı Abdulla bayramov 1977-ci ildə (65 yaşında), oğlu Rauf isə 2007-ci ildə ( 65 yaşında ) dünyasını dəyişiblər.

Bu məqaləni yazmaqda məqsədim odur ki, əsl Azərbaycan insanını, ziyalı , vətəndaş, əxlaqlı xanım, ləyaqətli kişi, tərbiyəli övlad, örnək olacaq ailə modelini Azərbaycan xalqına tanıdım.

Əntiqə Rəşid

Избранный
31
nocomment.az

1Источники