RU

Adil Nəsibov: “Zəfərimizin təməli Ulu Öndərin müdrik siyasəti ilə qoyulub, tacı isə Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyuldu”

"Sabah Qarabağ Zəfərimizin beşinci ildönümü təntənəli formada qeyd olunacaq. Dünya liderləri və orduların da iştirak edəcəyi təntənəli hərbi parad keçiriləcək. Hamı kimi mən də Zəfərimizlə qürur duyur ölkəmizin bütün sahələrdə zəfərlər qazanmasını arzulayıram. Zəfərimiz haqqında fikir bildirmək üçün gərək onu ayaqda saxlayan sütun olan tarixinə nəzər yetirəsən".

QHT.az xəbər verir “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov Zəfər Gününün beşinci ildönümü ərəfəsində QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Sovet imperiyasının işğalına 15 respublika arasında ilk etiraz edən ölkə olan Azərbaycanda başlanan oyanış 70 illik imperiyanın dağılması ilə nəticələndi. Müstəqilliyini yenicə qazanan ölkəmiz Qarabağ müharibəsi və separatçı qüvvələrin Azərbaycanı parçalamaq istəyi nəticəsində bu kövrək müstəqilliyini itirməklə üzüzə qalmışdı:

"Müdrik xalqımız yeganə çıxış yolunu Ulu öndər Heydər Əliyevin qayıdışıyla mümkün olacağını gördü. Və həqiqətən də şanlı tariximizdə böyük Azərbaycanın qurucusu olan Şah İsmayıl Xətaidən sonra ilk dəfə itirilmiş torpaqlarımızın qaytarılmasının - Zəfər bayramımızın təməlləri atılmış oldu. Azərbaycanlılar uzun illər Sovet imperiyasında gələcəkdə bizimlə vuruşmağı hədəf seçmiş qüvvələr tərəfindən hərbi xidmətdə əsasən tikinti sahəsinə cəlb olunur və hərb sahəsində təcrübə qazana bilmirdilər. Ulu öndər müdrikliyi bu siyasətə hələ Sovet dönəmində Azərbaycanda hərbi məktəblərin açılması ilə mane oldu. Əgər bu məktəblər Sovet dönəmində açılmasaydı birinci Qarabağ müharibəsində 20 faiz deyil, 80 faiz torpağımızı itirmiş olardıq. Bizdən fərqli olaraq düşmən o dövrün ən müasir hərbi texnikasına malik idi. Dünya şöhrətli siyasətçi olan Heydər Əliyevin gərgin səyi, apardığı uğurlu siyasət nəticəsində atəşkəsı nail olundu. Cavid əfəndinin dediyi “Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur, yer üzünü” ifadəsi sanki məhz bu məqam üçün nəzərdə tutulub. Bu atəşkəs nəticəsində Azərbaycan qısa dönəmində toparlanmağa başladı. Beynəlxalq əhəmiyyətli müqavilələr imzalandı. Gəlirlər ölkənin yaralarını sağaltmağa başladıqca ölkədə hər bir sahəni quruculuq gülləri sarmaşıq kimi sardı. Ölkəmiz diplomatik yolnan bu problemin həllinə çox çalışdı. Bu proseslə yanaşı müharibəyə də hazırlıq işləri bu problemin əbədi olması üçün çalışan qüvvələrin də nəzərinə çarpmada böyük ustalıqla aparıldı. Proses uzandıqca xalqın ümidini üzmək üçün çalışan xəyanətkar qüvvələr bu prosesin həllinin mümkünsüzlüyü fikirlərini səsləndirirdilər. Dövlətimizlə daim birlik nümayiş etdirən müdrik xalqımız bu Zəfərə bir an da olsa ümidini itirmirdi. Daim Qarabağın ətrini müxtəlif vasitələrlə duyur, bu xəyanətkarlara “Ümidsiz şeytandı” mesajını verirdi".

Adil Nəsibov vurğulayıb ki, sevindirici haldır ki, bu ümidverici vasitələrdə biri də yaradıcılığını təbliğ etdiyimiz bəstəkar Bəhram Nəsibovun Zəfərimizin marşına çevriləcək “Qarabağ” mahnısı idi. Görkəmli müğənnimiz, Xalq artisti Arif Babayevin Qarabağın işğalı dövründə dediyi kimi “Bu mahnı ilə Qarabağın ətrini duyuruq”. Nəhayət bıçağın sümüyə dirəndiyi həqiqət anı 2020-ci ildə yetişdi. Torpaq itirdiyinə görə boynu bükük qalmış xalqımız, müzəffər ordumuz və Ali Baş Komandanımız dünya hərb tarixinə 44 gün kimi qısamüddətli döyüşlə adını qızıl hərflərlə yazdırdı. Vətən müharibəsi başa çatıb Sülh müqaviləsi imzalanandan sonra belə “Sapı özümüzdən olan baltalar” bu Zəfərə kölgə düşürmək üçün belə bir zəfəri yarımçıq kimi qələmə verməyə çalışırdı".

"Ölkə başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi qısa müddət sonra bir gündən də az vaxtda Zəfərimizi daha da taclandırdı, xəyənətkarları isə birdəfəlik susdurdu. Zəfərlərimiz bir-birini sürətlə əvəzləməyə başladı. Belə ki, işğaldan azad edilən ərazilərimiz də daxil olmaqla növbəti dəfə prezident seçkiləri keçirildi. Və Qarabağ zəfərinin memarı İlham Əliyev cənabları növbəti dəfə prezident seçildi. Qarabağda sürətli quruculuq işləri nəticəsində artıq “Böyük köç” davamlı şəkildə icra edilir".

Sonda Adil Nəsibov bildirib ki,1941-45-ci illəri əhatə edən və bu il 80 illiyi tamam olan Böyük Vətən müharibəsinin qalibi olan SSRİ-də qələbədən sonra yalnız və yalnız qələbədən söz açılır, qələbə qeyd edilirdi. Müharibənin illərlə uzanmasının səbəbləri və növbəti dəfə bu cür müharibə baş verəcəyi təqdirdə bu prosesə necə hazır olmalıyıq, eyni zamanda müharibə dövründəki xəyanətləri və xəyanətkarların öyrənilməsinə bir o qədər də yer ayrılmadı:

"SSRİ yalnız qələbəsini, məğlub Almaniya isə məğlubiyyətini təbliğ etdi. Nəticədə qələbədən 45 il keçdikdən sonra qalib SSRİ məğlub Almaniyaya iqtisadi baxımdan məğlub oldu və dağıdı. Bu baxımdan boynubüküklükdən başıucalığa qovuşmuş xalqın nümayəndəsi kimi əbədiliyini daim arzuladığım Zəfərimizdən sonra vətənpərvərlik tərbiyəsi, şəhid ailələri və qazilərlə iş sahəsində QHT-lər fəaliyyətini Zəfərimizlə yanaşı məğlubiyyət səbəblərimizi də öyrənmək, təbliğ etmək istiqamətində qurmasını düzgün heasab edirəm. Həmçinin təbliğatlarında bütün şəhid və qaziləri mütümadi olaraq əhatə etmələrini arzulayıram. “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi olaraq 2022-ci ildə QHT-lər Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə A-dan Z-yə bütün şəhidlərim haqqında məlumatları ehtiva edən 12 cildlik “Faciəci təqvim tariximiz” adlı ensiklopedik kitab nəşr etmişik.

Qarabağ Zəfərimizin beşinci ildönümü və 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Yeri gəlmişkən qeyd edim ki, bəstəkar Bəhram Nəsibova Zəfərimizə himnini yazmaq qismət olmasa da bəstələmiş olduğu “Qarabağ” mahnısı Zəfərimizin himninə çevrildi, bəstəkar həmçinin Bayrağımızı və üzərindəki üç rəngin ehtiva etdiyi mənaları da ayrı-ayrılıqda yaradıcılığında vəsf edib".

Избранный
49
qht.az

1Источники