“Apple” “iOS 26.2” yeniləməsi ilə “iPhone”lara yeni xəbərdarlıq sistemi əlavə edir. Artıq istifadəçilər heç bir əlavə proqram yükləmədən zəlzələ barədə xəbərdarlıqları birbaşa telefonlarına ala biləcəklər.
Yeni “Təkmilləşdirilmiş Təhlükəsizlik Siqnalları” funksiyası zəlzələ və digər təcili vəziyyətlər zamanı istifadəçiləri daha tez və dəqiq məlumatlandırmaq məqsədi daşıyır. Bu funksiya “Parametrlər → Bildirişlər” bölməsində yerləşəcək və istifadəçilərə öz regionlarına uyğun xəbərdarlıqları fərdiləşdirmək imkanı verəcək.
“Apple”dan bildirilir ki, sistemin daha dəqiq işləməsi üçün istifadəçilər təxmini yerlərini paylaşa biləcəklər. Yeni xəbərdarlıq sistemi mövcud “Fövqəladə Bildirişlər” bölməsinə əlavə kimi təqdim olunur.
Məlumatlara görə, “Apple” bu funksiyanı zəlzələ kimi ani fəlakətlər zamanı saniyələrin belə həyati əhəmiyyət daşıdığı hallarda aktivləşəcək şəkildə hazırlayıb. “iOS 26.2” versiyasında bu bildirişlər üçün xüsusi səs də nəzərdə tutulub – istifadəçilər zəlzələ xəbərdarlıqlarını bu yeni səs siqnalı ilə alacaqlar.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”