Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizalarının verilməsini rəsmi olaraq qadağan edib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qərar təhlükəsizlik səbəbləri və dəyişən miqrasiya vəziyyətinə görə verilib.
Dərc olunmuş sənəddə deyilir ki, "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Rusiyadan viza müraciət edənlərlə əlaqəli miqrasiya risklərini və təhlükəsizlik təhdidlərini kökündən dəyişdirib".
Avropa Komissiyası qeyd edir ki, Rusiya miqrasiyadan təzyiq vasitəsi kimi istifadə edir, Aİ ölkələri daxilində və beynəlxalq sularda təxribat aktları törədir və kibertəhlükəsizlik və sənaye casusluğuna təhdid yaradır. Bundan əlavə, Avropa Komissiyası hesab edir ki, vizalar Avropa İttifaqına qarşı təbliğat və təxribat fəaliyyəti üçün istifadə edilə bilər.
Qadağan Rusiyada müraciət edən Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizalarının verilməsinə də şamil edilir. İstisnalar Aİ-də yaşayan ailə üzvləri, eləcə də dənizçilər, yük maşını və avtobus sürücüləri və qatar heyəti üzvləri üçün qalır.
Aİ həmçinin xüsusi hallarda - məsələn, müxaliflərə, müstəqil jurnalistlərə, insan haqları fəallarına və vətəndaş cəmiyyəti nümayəndələrinə - beş ilə qədər uzunmüddətli vizalar vermək hüququnu özündə saxlayır.
Musavat.com