Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Banker.az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə nizamnamədən agentliyin məqsədi ilə bağlı bənd ləğv edilir.
Həmçinin dəyişikliklə agentlik müvafiq sahədə sağlam rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması üçün tədbirlər görməklə yanaşı, enerji effektivliyi fondunun vəsaitini idarə edir, bu nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Agentliyin vəzifələri və hüquqlarına enerji effektivliyi fondunun vəsaiti hesabına “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində nəzərdə tutulmuş stimullaşdırıcı tədbirləri həyata keçirmək daxil edilir.
Həmçinin agentlik ona ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən, habelə enerji effektivliyi fondunun vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir.