BAKI, 7 noyabr. TELEQRAF
Azərbaycanlı iş adamı Tufan Sadıqov ömürlük futboldan uzaqlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu qərarı Rusiya Futbol İttifaqının (RFİ) Nəzarət və İntizam Komitəsi (NİK) verib.
Sadıqov “Ximki” klubunun investoru olub. Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edir.
Bu qərar “klubun peşəkar statusunun itirilməsinə səbəb olan vicdansız və ağılsız hərəkətlərə görə” qəbul olunub.
Xatırladaq ki, ötən mövsüm “Ximki” Rusiya Premyer Liqasında 12-ci yeri tutsa da, növbəti mövsüm üçün qeydiyyatdan keçə bilməyib. Klub maliyyə meyarlarına əməl etmədiyi üçün çempionatda çıxış etməyə lisenziya ala bilməyib.