RU

Paşinyan elektrik şəbəkəsini Rusiyanın əlindən çıxarmaq istəyir - baş nazirin planı var...


Elektrik şəbəkəsinin satışı Moskvanın təsirini azaldacaqmı?

Ermənistan hökumətinin elektrik şəbəkəsinin mümkün satışı ilə bağlı açıqlaması ölkənin enerji siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Baş nazir Nikol Paşinyanın noyabrın 6-da verdiyi bəyanat göstərir ki, hökumət “Electric Networks of Armenia” (ENA) şirkətinin gələcəyi ilə bağlı iki variantı nəzərdən keçirir: ya dövlət özü şirkəti satın alacaq, ya da nüfuzlu beynəlxalq təşkilatın iştirakı ilə özəlləşdirmə həyata keçiriləcək.

Bu yanaşma, görünən odur ki, Ermənistanın enerji sistemini Rusiya təsirindən çıxarmağa yönəlmiş siyasi və iqtisadi strategiyanın tərkib hissəsidir.

Hazırda Ermənistanın enerji infrastrukturu dərin şəkildə Rusiya iqtisadi və texnoloji təsiri altındadır. Ölkənin əsas paylayıcı şirkəti “Electric Networks of Armenia” 2006–2015-ci illərdə Rusiyanın “Inter RAO UES” konserninə məxsus olub. 2015-ci ildən sonra şirkət Rusiya əsilli erməni milyarder Samvel Karapetyanın “Tashir Group”una satılıb. Bu dəyişiklik formal müstəqillik kimi təqdim olunsa da, faktiki olaraq şirkət hələ də Rusiya maliyyə və idarəetmə mühitinə bağlıdır, çünki “Tashir Group” Moskvada fəaliyyət göstərir.

Eyni zamanda, Metsamor Atom Elektrik Stansiyası (AES) Ermənistanın elektrik istehsalının 30-40 faizini təmin edir və tam şəkildə Rusiya texnologiyası, yanacağı və texniki nəzarəti ilə işləyir. Stansiyanın fəaliyyəti “Rosatom”un birbaşa texniki dəstəyi altında həyata keçirilir. Bundan əlavə, “Gazprom Armenia” ölkənin qaz bazarına tam nəzarət edir. Ermənistanın elektrik enerjisinin yarısı qazla işləyən istilik stansiyalarında istehsal olunur və bu qaz tamamilə Rusiyadan idxal edilir. Beləliklə, həm paylayıcı, həm də istehsal infrastrukturu baxımından Ermənistan enerji müstəqilliyini yalnız kağız üzərində qoruyur.

Paşinyanın “şirkət satıla bilər, amma münasib qiymətlə” bəyanatı iki istiqamətdə şərh olunur. Birincisi, iqtisadi baxımdan hökumət enerji sektorundakı yükü azaltmaq, borcları ödəmək və yeni investisiyalar cəlb etmək istəyir. İkincisi, siyasi baxımdan hökumət Moskvanın enerji üzərindəki təsir mexanizmini zəiflətmək, qərbyönümlü və ya neytral kapitalın ölkəyə daxil olmasına şərait yaratmaq niyyətindədir. Bu addımın həyata keçməsi üçün əsas şərt Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının qərarıdır. Əgər qərar müsbət olarsa, hökumət beynəlxalq investorların iştirakı ilə ENA-nın satışını gündəmə gətirə bilər.

Əgər alıcı Qərb şirkəti olarsa, bu, Ermənistanın enerji sektorunda Rusiya təsirini ciddi şəkildə azalda bilər. Əgər alıcı yenə Rusiya kapitallı şirkət olsa, status-kvo dəyişməyəcək və Paşinyanın bəyanatı sadəcə kosmetik addım kimi qalacaq. Hər iki halda, Ermənistan hökuməti enerji infrastrukturuna nəzarətin itirilməməsi üçün dövlət iştirakını və tənzimləyici rolunu qorumağa çalışacaq.

Ermənistanın enerji asılılığı təkcə iqtisadi məsələ deyil, bu, Moskvanın regionda nüfuzunu qorumaq üçün əsas alətlərindən biridir. Rusiya həm qaz təchizatı, həm atom enerjisi, həm də elektrik paylanması vasitəsilə Ermənistanın iqtisadi sabitliyinə təsir edə bilir. Paşinyan hökumətinin son illərdə Qərbə inteqrasiya yönümlü bəyanatları və KTMT-dən uzaqlaşma meylləri fonunda elektrik şəbəkəsinin mümkün satışı strateji balans dəyişikliklərinin bir hissəsi kimi görünür.

Ermənistanın elektrik şəbəkəsinin satılması ilə bağlı Paşinyanın açıqlaması təkcə kommersiya qərarı deyil, həm də ölkənin enerji müstəqilliyi uğrunda atılan addım kimi dəyərləndirilə bilər. Hazırda Ermənistan enerji baxımından Rusiya texnologiyasına, Rusiya qazına və uranına, Rusiya kapitallı şirkətlərə bağlıdır. Bu asılılıqdan çıxmaq yalnız müxtəlif mənbələrdən enerji təchizatı, Qərb investisiyaları və yeni texnoloji tərəfdaşlıqlar hesabına mümkündür. Paşinyanın bəyanatı bu istiqamətdə ilk siqnal kimi qəbul edilə bilər, amma real dönüş yalnız o zaman baş verəcək ki, yeni alıcı Moskva orbitindən kənar bir aktor olsun.

Akif NƏSİRLİ

Избранный
27
baki-xeber.com

1Источники