Paris, 7 noyabr, AZƏRTAC
Fransada CGT, FSU və “Solidaires” həmkarlar ittifaqlarının çağırışı ilə dekabrın 2-də yeni milli tətil günü keçiriləcək. Aksiyanın məqsədi hökumətin təqdim etdiyi 2026-cı il büdcə layihəsinə, xüsusilə də sosial müdafiə və vergi siyasətinə qarşı etiraz bildirməkdir.
AZƏRTAC xəbər verir ki, yayılan birgə bəyanatda həmkarlar ittifaqları “bütün gəncləri, işləyənləri, təqaüdçüləri və işsizləri” dekabrın 2-də ölkəboyu tətillərə və yürüşlərə qoşulmağa çağırıblar. Onların əsas məqsədi hökumətə daha çox sosial, fiskal və ekoloji ədalət tələbini çatdırmaqdır.
Hazırda Fransa parlamentində sosial müdafiə büdcəsi müzakirə olunur. Artıq kapital gəlirləri üzərindən sosial vergilərin artırılması (CSG) təsdiqlənib, lakin digər məsələlər, eləcə də pensiya islahatının dayandırılması, təqaüdlərin dondurulması və xəstəlik məzuniyyətlərinin məhdudlaşdırılması hələ də mübahisə mövzusudur.
CGT, FSU və “Solidaires” həmkarlar ittifaqları bildiriblər ki, “2 dekabr və sonrakı günlər hər şeyin həll olunacağı dövrdür”. Onlar həmkarlar arasında ümumi yığıncaqların keçirilməsini və geniş miqyaslı birgə fəaliyyət planının hazırlanmasını təklif ediblər.
İttifaqların əsas tələbləri iki rəsmi bayram gününün ləğvindən imtina, pensiya islahatının təxirə salınması və ya ləğvi, hökumətin 49.3 maddəsindən (büdcəni səsverməsiz qəbul etmə səlahiyyətindən) istifadə etməməsidir.
Həmkarlar ittifaqları xəbərdarlıq ediblər ki, əmək dünyasının səfərbərliyi olmadan bu büdcə işçilər, dövlət sektoru və ölkənin gələcəyi üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
Sonuncu ümummilli etiraz oktyabrın 2-də keçirilmişdi. CGT-nin məlumatına görə, həmin gün 600 mindən çox insan nümayişlərdə iştirak edib, lakin Daxili İşlər Nazirliyi bu rəqəmi 200 min kimi göstərmişdi. İndi isə həmkarlar ittifaqları pensiya islahatının ləğvini və dövlət xidmətləri üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb edirlər.
Bəyanatda həmkarlar ittifaqları dövlət qulluğunda 3 min vəzifənin ixtisarını, əməkhaqlarının dondurulmasını, xidmət sektorunda maliyyənin azaldılmasını, tibbi xidmətlərdə ödənişlərin ikiqat artırılmasını, xəstəlik məzuniyyətinin 15 günlə məhdudlaşdırılmasını, eləcə də təqaüdlərin və sosial ödənişlərin “ağ il” dövründə dondurulmasını kəskin şəkildə tənqid ediblər. Onların fikrincə, hökumət heç bir real fiskal ədalət tədbiri qəbul etməyib.
Həmkarlar ittifaqları artıq aydın mesaj veriblər: “ədalət olmadan büdcə yoxdur”.