
Rus ordusu Ukraynanın Donetsk və Xarkov bölgələrində irəliləyişə nail olub.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıblar.
Məlumata görə, Rusiya qüvvələri Xarkov bölgəsinin şimalındakı Prilepka, Vovçansk, Dobropolski və Donetsk bölgəsindəki Vladimirovka yaxınlığında irəliləyiblər.
Bundan əvvəl “DeepState” analitikləri Rusiyanın Pokrovsk yaxınlığında hücumların sayını artırdığını da bildiriblər.
Ekspertlərin fikrincə, bu, Rusiya qüvvələrinin şəhəri ələ keçirməyi sürətləndirməyə çalışdığını və bunun üçün heç bir ehtiyatdan çəkinmədiklərini göstərir.
Bu arada “The Economist” nəşri qeyd edir ki, Rusiyanın bu sahədəki uğurları Ukrayna Müdafiə Qüvvələri üçün vəziyyəti daha da çətinləşdirib.
Jurnalistlər yazırlar ki, Müdafiə Qüvvələrinin bəzi bölmələri mövqeləri geri almağa, digərləri isə mühasirədən çıxmağa cəhd göstərirlər.
Nəşr həmçinin vurğulayır ki, Pokrovsk Rusiyanın növbəti irəliləyişləri üçün tramplin rolunu oynaya bilər.
“DeepState” analitikləri Rusiyanın Zaporojye bölgəsindəki uğurlarından da bəhs ediblər. Onların məlumatına görə, rus qüvvələri Pavlovka kəndini ələ keçiriblər. Lakin Cənub Müdafiə Qüvvələri bu məlumatı təkzib edərək, Ukrayna müdafiəçilərinin kəndi hələ də nəzarətdə saxladıqlarını bildiriblər.
ELÇİN