RU

ICGB və Şərqi Avropanın 5 ölkəsinin qaz operatorları Ukraynaya qaz tədarükünün yeni marşrutlarını işə salırlar

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru ICGB şirkəti Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın qaz nəqliyyat sistemləri operatorları ilə birlikdə Yunanıstanın şimal hissəsindən Ukraynaya təbii qaz nəqli üçün iki yeni marşrutun işə salınması haqqında saziş imzalayıb.

Qərar noyabrın 6-7-də Afinada keçirilən Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığının (P-TEC) 6-cı iclasında qəbul edilib.

Yeni marşrutlar regionun enerji təhlükəsizliyini gücləndirməyə yönəlib və təsdiq üçün milli enerji tənzimləyicilərinə təqdim edilib.

“Route 2” və “Route 3” marşrutları Aleksandrupolisdəki LNG terminalından və Trans-Adriatik Boru Kəmərindən (TAP) təbii qazın IGB vasitəsilə və daha sonra isə Trans-Balkan boru kəməri, Rumıniya və Moldova üzərindən Ukraynaya nəqlini nəzərdə tutan ixtisaslaşdırılmış məhsullardır.

“Tənzimləyici orqanlara ünvanlanmış birgə məktubda qaz nəqliyyat sistemlərinin operatorları “Route 2” və “Route 3″ marşrutlarını 2025-ci ilin dekabrından 2026-cı ilin aprelinə qədər əlçatan etməyi təklif edirlər”, – məlumatda qeyd edilib.

Şirkətdən bildirilib ki, “Route 2” və “Route 3″ün yaradılması bu ilin əvvəlində uğurla istismara verilmiş “Route 1″i tamamlayır və bölgə üzrə qaz təchizatı şəbəkələrinin dayanıqlığını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

“Bu gün imzalanan saziş region operatorlarının həmrəylik içində hərəkət etmək, eləcə də təhlükəsiz və əlçatan sərhədlərarası enerji daşımalarını təmin etmək əzmini nümayiş etdirir”, – ICGB-nin icraçı direktorları Teodora Georgieva və Corc Satlas bildiriblər.

Eyni zamanda, şirkət öz tarifində əhəmiyyətli – 46 -lik endirim tətbiq etdiyini açıqlayıb. Bununla da sərhədlərarası qaz tədarükü üçün iqtisadi cəhətdən rəqabətqabiliyyətli variantlar yaratmağa sadiqliyini bir daha təsdiqləyib.

“ICGB və Yunanıstan (DESFA S.A.), Bolqarıstan (“Bulgartransgaz” EAD), Rumıniya (“Transgaz” S.A.), Moldova (“Vestmoldtransgaz” SRL) və Ukraynanın (GTSOU LLC) qaz nəqliyyat sistemləri operatorlarının əlaqələndirilmiş səyləri Avropa Komissiyasının qaz təchizatı marşrutlarının diversifikasiyası, eləcə də Rusiya qazının tədricən LNG və Xəzər qazı ilə əvəzlənməsi strategiyasına uyğundur. Tariflərin azaldılması ilə dəstəklənən yeni marşrutların həyata keçirilməsi Avropanın təbii qazın ən çox tələb olunduğu yerlərə onu çatdırmaq imkanlarını genişləndirəcək və Ukraynaya enerji sabitliyini təmin etməkdə dəstək verəcək”, – məlumatda qeyd olunub.

“Route 2” DESFA şəbəkəsindəki Amfitriti sistemlərarası birləşmə nöqtəsindən başlayır, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) boyunca və daha sonra Trans-Balkan dəhlizi ilə davam edir: Amfitriti-Komotini (IGB)-Stara Zaqora-Neqru-Voda 1/ Kardam-İsakça 1/Orlovka-Kauşanı-Grebenyaki.

“Route 3” IGB-nin TAP ilə sistemlərarası birləşmə nöqtəsindən başlayır və eyni yolla davam edir: Komotini (TAP-dan giriş)-Stara Zaqora-Neqru-Voda 1/Kardam-İsakça 1/Orlovka-Kauşanı-Grebenyaki.

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın Komotinidəki milli qaz nəqli sisteminə (“DESFA SA”) və Trans-Adriatik Boru Kəmərinə (“TAP AG”), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə (“Bulgartransgaz EAD”) birləşir.

Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düymdür. Layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.

MənbəREPORT
Избранный
33
2
banker.az

3Источники