Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şəmkir, 7 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Vətən müharibəsində Azərbaycanın qəhrəman, igid, qorxmaz və mərd övladları ana yurdun çağırışına səs verərək döyüş meydanına atıldılar. 44 gün ərzində işğalçı düşmənə layiqli cavab verərək torpaqlarımızı azadlığına qovuşduranlardan bir qismi şəhid oldu. Belə Vətən oğullarının sırasına Mətləb Zamanovun da adı yazıldı.
Şəhidin həyat yoldaşı Qənifə Zamanova AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirib: “Sentyabrın 27-dən döyüşlərə qatıldı. Qazaxda idi, oradan getdi. Məlumat verdi ki, ola bilər, bir neçə gün evə gələ bilmədim. Yerini dəqiq demirdi, gah Qazaxda, gah da Füzulidə olduğunu deyirdi. Zəng edib istədi ki, uşaqları bir araya gətirim, danışsın. Danışdıq, yenə də hər şeyin yaxşı olduğunu bildirdi. O, hər zaman övladları Pəriyə, İzzət və Nemətə yurda, Vətənə sevgi aşılayıb. Bunun nəticəsində bu gün şəhidin böyük oğlu İzzət hərbçidir, kiçik övladı Nemətin də arzusu atasının peşəsini davam etdirməkdir”.
Şəhidin oğlu isə bildirir: “Atam sentyabrın 27-də zəng edib mənimlə danışdı. Soruşdum ki, hər şey yaxşıdırmı? Dedi ki, yaxşıdır. Atam həm dostum, həm arxa-dayağım idi. Ona dedim ki, mən də sənin kimi hərbçi olacam”.
Mətləb Nizami oğlu Zamanov 1985-ci il yanvarın 29-da Şəmkir rayonunun Morul kəndində anadan olub. 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçərək Vətən qarşısında borcunu layiqincə yerinə yetirib. Hərbiyə marağı böyük olduğu üçün 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.
Mətləb Zamanov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə, "Vətən uğrunda" medalları ilə təltif edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.