RU

"Zəfərə açılan pəncərə" filminin təqdimatı keçirildi

BAKI, 7 noyabr. TELEQRAF

Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib.

Teleqraf xəbər verir ki, vətən müharibəsinin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır. Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə köçürülmüşdür. Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.

Dilqəm Əsgərov film haqqında təəssüratlarını bölüşüb: "Qarabağ uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu dövr mənim üçün çox ağır idi.1998-ci il və 2014-cü illər arasında erməni bazasında nə varsa, çəkib dövlətimə təqdim etmişəm. Əsir düşdüm, Xankəndində bir il ac qaldım. Mənə gündə cəmi iki yemək qaşığı makaron verirdilər. İşgəncələrə məruz qaldım, elektrik cərəyanına qoşdular. Məqsədləri o idi ki, xalqımızın əleyhinə danışım, Qarabağa “Artsax” adı ilə müraciət edim.
Məndən Şuşaya “Şuşi” deməyi tələb edirdilər, amma demədim. İşgəncələr dözüləsi deyildi.
Torpaqlarımız işğaldan azad ediləndə sevincimin həddi-hüdüdu yox idi".

Qeyd edək ki, film Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası və "Qulp Studio"nun birgə təşkilatçılığıyla çəkilib.

Избранный
50
1
teleqraf.com

2Источники