Macarıstan Rusiyadan neft və qaz tədarükünü əngəlləyən ABŞ sanksiyalarından tam güzəşt alıb.
Musavat.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra açıqlayıb.
"Macarıstan Türk axını ilə qaz və Drujba boru kəməriylə neft tədarükünə qoyulan sanksiyalardan tamamilə azad olacaq", - Orban bildirib.
O, Trampla görüşdə Macarıstanın Paks II nüvə elektrik stansiyasının tikintisinə qarşı sanksiyaların tamamilə ləğvinə nail olduğunu deyib:
"Pakş II-yə qarşı sanksiyalardan azadolma müddəti uzadılmayacaq. Əvvəllər tətbiq edilən bu sanksiyalar tamamilə ləğv ediləcək".
Viktor Orban Pakş II nüvə elektrik stansiyasının tikintisinə təsir edən sanksiyaların 2024-cü ilin noyabr ayında Bayden administrasiyası tərəfindən tətbiq edildiyini, lakin iyun ayında Tramp administrasiyası tərəfindən dayandırıldığını xatırladıb. Güzəşt müddəti dekabr ayında başa çatacaqdı və onun yenidən uzadılması gözlənilirdi.
Qeyd edək ki, Trampın Orbana belə güzəştləri onun sağ mühafizəkar qüvvələrə dəstəyinin nəticəsi hesab olunur. Macarıstanda 2026-cı ilin aprelində gözlənilən seçkilərdə Orbanın təmsil etdiyi qüvvələrin qalib gəlməsi üçün belə dəstək göstərilir.
Musavat.com