RU

Cənubi Koreyada Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

BAKI,TurkicWorld

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seulda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə TurkicWorld-ə səfirlikdən məlumat verilib.

Səfir Ramin Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin Azərbaycana qarşı tarixi ədalətsizliyə son qoymaqla yanaşı, regionda sülhün əldə olunmasına yol açdığını bildirib. Qeyd edib ki, dünya birliyinin 30 ildən çox göz yumduğu işğal və cəzasızlıq mühiti, eləcə də beynəlxalq hüququn pozulması yalnız xalqımızın möhkəm iradəsi və fövqəladə qəhrəmanlığı ilə aradan qaldırılıb. Bu yolda minlərlə azərbaycanlının öz canını qurban verdiyini vurğulayan səfir şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib.

Diplomat 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" olaraq qeyd edildiyini vurğulayaraq, məhz Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və suverenliyimizin bütün ölkə ərazisində bərpasına imkan yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının son iclası zamanı səsləndirdiyi "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq" fikrini sitat gətirən səfir Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından sonra ölkəmizin və bütövlükdə regionun yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Sülh danışıqlarının gedişatından bəhs edən diplomat bu xüsusda Azərbaycan Prezidentinin tarixi Vaşinqton səfəri zamanı əldə edilmiş nəticələri vurğulayıb. Ramin Həsənov sülh gündəliyimizin digər məsələlərinə toxunub, torpaqlarımızın minalanması probleminin ağır fəsadları, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpası kimi çağırış və çətinliklərdən bəhs edib.

Ermənistanın işğalı zamanı viran edilmiş ərazilərimizin bərpasından danışan diplomat bu istiqamətdə əldə olunmuş uğurları qeyd edib, "Böyük Qayıdış" proqramı çərçivəsində 50 mindən çox keçmiş məcburi köçkünün geri döndüyünü diqqətə çatdırıb.

Səfir, həmçinin ölkəmizdə böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsinə toxunub. O, tədbirin həsr olunduğu Zəfər Gününün dahi musiqiçinin Vətəni, Azərbaycanın "musiqi paytaxtı" Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir koreyalı ifaçılardan ibarət musiqi qrupunun Azərbaycan və dünya musiqisinin nümunələrindən, o cümlədən Üzeyir Hacıbəylinin məşhur əsərlərindən ibarət konsert proqramı ilə davam edib. Qonaqlara Azərbaycana dair çap materialları təqdim olunub.

Tədbirdə Koreyanın dövlət qurumlarının, siyasi, iqtisadi, elmi, mədəni dairələrinin nümayəndələri, jurnalistlər, Seuldakı diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun fəalları və bu ölkədə təhsil alan tələbələr iştirak ediblər.

Избранный
23
3
turkic.world

4Источники