RU

9 Noyabrın Səsi: Üçrəngli Bayrağın tarixdən Zəfərə uzanan yolu – Tənzilə Rüstəmxanlı yazır

Tənzilə

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.

Dövlət bayrağındakı üç rəng XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunu ifadə edir və bu gözəl bayrağımızın müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir”.

1920-ci ilin aprelində bolşevik işğalı ilə endirilən üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.

Ulu Öndər Dövlət Bayrağımızın müstəqilliyimizin rəmzi olduğunu bildirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

Bu gün ən yüksək zirvələrdə dalğalanan, Vətən müharibəsində üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirdi. Azərbaycan bayrağı, Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların önündə dalğalanaraq varlığımızı, gücümüzü, müstəqilliyimizi, suverenliyimizi və milli kimliyimizi bütün dünyaya nümayiş etdirir.

Prezident İlham Əliyevin milli ideyalara bağlılığı, həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. İşğaldan azad edilən ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən üçrəngli bayrağımızın ucaldılması xalqımız üçün çox sevindirici və qürurverici, eyni zamanda tarixi hadisə idi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər bayrağımızı 30 illik həsrətdən sonra doğma yurdumuza geri qaytardı və bu gün bayrağımız həmin ərazilərdə də qürurla dalğalanır və biz çox xöşbəxt xalqıq ki, bu tarixi hadisələrə şahidlik edirik.

Bu gün qürurumuz, şərəfimiz olan bayrağımız daha əzəmətlə dalğalanır. Hər bir dövlətin bayrağı onun milli kimliyinin və milli ideologiyasının ifadəsidir. Bayraq elə bir atributdur ki, o, özündə millətin dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını təcəssüm etdirir. Bu ali dəyərdə xalq öz tarixini yaşadır , bu gününü görür, gələcəyini müəyyənləşdirir. Dünənini, bu gününü, sabahını bilən xalq kimi bizim də simvolumuz, and yerimiz üçrəngli bayrağımızdır.

Избранный
14
2
veteninfo.az

3Источники