RU

“Azəri Çıraq Günəşli” yataqlar bloku müstəqilliyin xidmətində

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

28 il əvvəl istismara verilmiş “Çıraq” platformasından 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi çərçivəsində xam neft hasilatı və ixracı ahəngdar şəkildə davam edib. “BP-Azərbaycan” şirkətinin məlumatına əsasən, ötən 9 ayda konsorsium iştirakçıları “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 338 milyon dollar, əsaslı məsrəflərinə isə 912 milyon dollar xərcləyiblər.

Bildirilib ki, AÇG yataqlar blokunda yeni 4 ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində ikinci il üçün məlumat toplanması işləri cari ilin 3 rübü ərzində davam etdirilib. Xatırladaq ki, “Balaxanı” və “Fasilə” lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometr əraziləri əhatə edir. Proqramın ümumi dəyərinin, təxminən, 370 milyon ABŞ dolları, icra müddətinin isə 5 il (2024-2028) olacağı planlaşdırılır. Yeri gəlmişkən, tədqiqatın əhatə etdiyi ərazi, həyata keçirilən işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.

2025-ci ilin 9 ayında AÇG-də, ümumilikdə, 145 neft hasilat quyusu, 48 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub. Yanvar-sentyabr aylarında 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 327 min barel və ya ümumilikdə 12 milyon ton (89 milyon barel) neft çıxarılıb. Ümumi hasilatın 21 min bareli “Çıraq”, 88 min bareli “Mərkəzi Azəri”, 75 min bareli “Qərbi Azəri”, 43 min bareli “Şərqi Azəri”, 52 min bareli “Dərinsulu Günəşli”, 24 min bareli “Qərbi Çıraq” və 24 min bareli “Azəri-Mərkəzi-Şərqi” platformalarının payına düşüb.

Yeri gəlmişkən, Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq” platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür. Energetika Nazirliyinin məlumatına görə, “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində istismara verilmiş həmin platformadan 2025-ci il noyabr ayının 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, ilin əvvəlindən müqavilə sahəsində 6 neft hasilatı, 4 su və 1 qaz injektor quyusunun qazılması tamamlanıb.

Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan xam neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. Bu ilin üç rübü ərzində Səngəçal terminalından “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə, isə 2,1 milyard kubmetr “mavi yanacaq” Azərbaycanın qazpaylayıcı sisteminə ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb. Buradakı sərbəst təbii qaz ehtiyatlarının isə 4 trilyon kub futadək olması ehtimal edilir. Sözügedən sənədə uyğun olaraq SOCAR və AÇG tərəfdaşları sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar.

Bu işlərin bir hissəsi kimi “Qərbi Çıraq” platformasından ilkin hasilat quyusunun qazılması təhlükəsiz şəkildə başa çatdırılıb. Bununla da, hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst təbii qaz layına – dayaz qırmakıüstü qumlu və daha dərin qırmakıaltı lay dəstlərinə çıxış təmin edilib. Nəticədə qırmakıüstü qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib. Bundan əlavə, qırmakıaltı lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib. Bu layda isə 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır. AÇG-dən ilk sərbəst təbii qazın hasilatına isə gələn ilin birinci yarısında başlanacağı gözlənilir.

2025-ci ilin yanvar-sentyabr aylarında AÇG və “Şahdəniz” yataqlarından neft və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Ötən 9 ayda terminaldan 159 milyon barel neft və kondensat ixrac olunub. Bu həcmlərin isə hamısı Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunub. Qeyd edək ki, Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün, təqribən, 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik 100 milyon standart kubmetrdir.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. İlk üç rüb ərzində Səngəçal terminalından gündəlik orta hesabla, təxminən, 74,5 milyon kubmetr Şahdəniz qazı göndərilib.

Xam nefti dünya bazarına çıxaran Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri də fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin 2025-ci ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 97 milyon dollar, əsaslı məsrəflərinə isə 50 milyon dollar xərclənib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 19 milyon ton xam neft və kondensat Ceyhan terminalında 216 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC kəməri ilə 2025-ci il sentyabr ayının sonunadək, təqribən, 613 milyon tondan çox (4,6 milyard barel) xam neft nəql edilib. Həmin neft həcmləri Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistan, eləcə də SOCAR-a məxsus digər neft həcmləri də nəql olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
xalqqazeti.az

2Источники