RU

“Yeni Müsavat” 36 yaşında - Azad sözün doğulduğu gün

10 noyabr Azərbaycan mətbuat tarixində, sadəcə, bir tarix deyil. Həmin gün “Yeni Müsavat” qəzetinin mövlud günüdür. 1989-cu ilin məhz bu günündə qəzet ilk sayını Azadlıq meydanında yayımladı, xalq hərəkatının içindən doğmuş azad sözün carçısına çevrildi.

“Yeni Müsavat” eyni adlı partiyanın - Azərbaycan Milli Demokrat Partiyası “Yeni Müsavat”ın (AMDP) qeyri-formal yayın orqanı kimi, təşkilatın qurucu katiblərindən biri, baş redaktor Rauf Arifoğlu tərəfindən yaradıldı. 

O dövr üçün belə bir addım atmaq - yəni müstəqillik uğrunda mübarizə aparan bir partiyanın adını daşıyan qəzet yaratmaq - təkcə jurnalistlik fəaliyyəti deyildi, eyni zamanda, risk, cəsarət və vətəndaşlıq nümunəsi idi. Çünki bu, sovet imperiyasının hələ dağılmadığı, senzuranın hər sətirdə hökm sürdüyü bir dövr idi.

1988-1991-ci illərin Milli Azadlıq Hərəkatı Azərbaycan tarixinin ən parlaq, ən gərgin mərhələsi idi. Xalq SSRİ-nin zəncirlərini qırmaq, öz istiqlalını qazanmaq uğrunda ayağa qalxmışdı. O zaman meydanlar həm xəbər mərkəzi, həm sosial şəbəkə, həm də tribuna idi. Hər mitinq, hər çıxış o dövrün “Facebook postu”, “Telegram kanalı”, “TV xəbəri” rolunu oynayırdı. 

Məhz belə bir dövrdə “Yeni Müsavat” kimi qəzetlərin yaranması tarixi zərurət idi. “Yeni Müsavat” ilk dəfə meydan tribunalarında səslənən azadlıq ideyalarını, xalqın səsini kağıza köçürən, onu sənədləşdirən, yaymaq üçün riskə gedən “samizdat” jurnalistikası nümunəsi oldu. Qəzetin yaranması həm də sözün meydanlardan redaksiyalara keçidi idi. O, Azərbaycanın gələcək azad mətbuat mühitinin bünövrəsini qoydu. Senzuranın hökm sürdüyü bir zamanda qəzetin yayımı qanunsuz hesab olunurdu, amma xalqın baxışında “Yeni Müsavat” əlbəttə ki, qanuni idi...

Rauf

Rauf Arifoğlu: "Azərbaycan nələrdən keçibsə, "Yeni Müsavat" da o mərhələdən keçib"

“Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu həmin günləri xatırlayaraq deyir: “Məqsədimiz gerçəkləri xalqa çatdırmaq idi. Lakin həmin zamanlarda kommunist partiyasının iradəsinin kənarında qəzet buraxmaq bir cinayət əməli hesab olunurdu. Buna görə də ‘’Yeni Müsavat’’ın fəaliyyəti gizli qurulmuşdu və ilk nömrədən etibarən, sovet hakimiyyətinin Bakıdakı orqanları tərəfindən təqib altına alındı. Məsələni ciddiləşdirən ən önəmli məqamsa qurduğumuz qəzetin adında idi. ”Müsavat" adı illərlə sovet təbliğat maşını tərəfindən vurulmuş, ictimaiyyətə düşmən və xain obrazlarda təqdim olunmuşdu. Azərbaycanda Müsavat adı hakim kommunist partiyasına qarşı meydan açmaq, onu devirmək, yeniləmək çağırışına bərabər idi. Təqib olunan redaksiyamız məhz Bakıdakı dözülməz mühit səbəbindən quruluşunun ilk ayında və 1-ci sayı dərc olunan kimi Gəncə şəhərinə köçdü. Qəzetin redaksiyası 1991-ci ilin ortalarına qədər Gəncə şəhərində, Bala Bağman bölgəsində fəaliyyət göstərdi.

WhatsApp

1991-ci ilin dekabr ayında isə Elçibəyin AXC-nin Sahil Bağı ətrafındakı qərargahında ayırdığı iki otaqda redaksiya quraraq, fəaliyyətimizi paytaxtda davam etdirdik. Elə həmin tarixlərdən -  qəzetimizin quruluşunun ilk dövrlərindən etibarən Azərbaycanda 1-ci Qarabağ müharibəsi başladı. ‘’Yeni Müsavat’’ qəzetinin və partiyasının üzvləri də Gəncə ətrafında gedən döyüşlərdə aktiv iştirak etdilər. Gəncənin ilk şəhidləri də məhz AMDP ‘’Yeni Müsavat’’ partiyasından oldu. Bəxtiyar Əliyev, Abbasqulu Məmmədov, Ruzigar Qasımov AMDP ‘’Yeni Müsavat’’ın Gəncə təşkilatının qurucularından idilər". 

Baş redaktorun sözlərinə görə, qəzetin və onun yazarlarının taleyinə 28-29 il məğlubiyyət və milli faciələrin yazarlığı düşüb. Bütün qaynar nöqtələrdə olan ‘’Yeni Müsavat’’çılar könüllü döyüşçülərlə birlikdə döyüş meydanlarında, səngərlərdə olsalar da, o zamanın şərtləri altında elə həmin könüllülərlə birgə gerçəkilmələri və ağır məğlubiyyətləri yaşayıblar. Məsələn, qəzetin qurucu baş redaktoru Rauf Arifoğlu yazır ki, o, 14 may 1992-ci ildə Laçından ən son çıxan jurnalistlərdən olub  Zamanın bütün jurnalistləri məğlubiyyət acısını və ağrısını yaşayaraq, illərlə Qarabağ savaşının, milli revanşın başlamasını gözləyiblər. 

Tale elə gətirdi ki, qəzetin qismətinə qalibiyyətdən, Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən yazmaq da nəsib oldu. Rauf Arifoğlu bu haqda belə deyir: “Yeni Müsavat qəzetinin 36 illiyinə vardıq. Təlatümlü, gərgin, həyəcanlı, içərisində iki vətən müharibəsi olan 36 il düşünün. Azərbaycan, vətənimiz, informasiya məkanımız nələrdən keçibsə, ”Yeni Müsavat" da o mərhələdən keçdi, yazdı, səlnaməçi və iştirakçı oldu. Bəzi hallarda yön verdi. İndi Azərbaycanımızın ən gözəl vaxtlarını yaşayırıq. 5  il bundan öncə, Zəfərimizə qədər Xankəndinin, Şuşanın, Kəlbəcərin xəyalını edirdiksə və onunla bağlı yazılar yazırdıqsa, insanlarımızı, oxucumuzu təslim olmamağa, məğlubiyyətlə barışmamağa çağırırdıqsa, indi isə Şuşamızdan, Qarabağımızdan, Xankəndidən, Xocalıdan reportajlar hazırlayırıq. 

Əslində çox xoşbəxtik, 36 illik bir prosesi görən mediayıq. Bizim üçün yekun yoxdur. Jurnalistin informasiya günü qapanmır, hər an yeni informasiya günü başlayır. Bu, yeni proses, yeni həyəcan və yeni xəbər, yeni reportaj və yaradıcılıqdır. Zəfərimizin 5 ilinin yubileyi qeyd olunduğu bu günlərdə “Yeni Müsavat”ın da 36 illiyini qeyd edirik. "Yeni Müsavat"ın Zəfərdən sonrakı halını, 5 ilini görməkdəyik. Bizə Zəfər, qələbə yaraşırmış. Vətənimizin suverenliyi təmin olunub. Lakin bizim klassik torpaqlarımız - İrəvanımız, Göyçə gölümüz, Zəngəzur dəhlizimiz var. Biz jurnalist, vətəndaş olaraq bu istiqamətə yönəlik fəaliyyət planı qurmaqdayıq. 

Bizim üçün gələcək bir saniyə sonradan başlayır. Olduqca möhtəşəm nəticələrimiz var. “Yeni Müsavat” qəzeti ilə başladığımız fəaliyyətimiz artıq Azərbaycanın, dünyanın bütün Azərbaycandilli və rusdilli məkanlarına daşınır. Bizim 700 min izləyicisi olan “Tik Tok” səhifəmiz, 500 minlik “Youtube” kanalımız", “Minval” adlı yeni brendimiz var ki, rusdilli və Azərbaycandilli məkanda öz sözünü demiş vəziyyətdədir. Musavat.com saytımız var ki, yaşı 20-lərdən də yüksəkdədir. Biz sosial mediaya inteqrasiya olunmuş vəziyyətdəyik. “Yeni Müsavat” verilmiş texnoloji imkanlardan ən uğurlu istifadə edən yeganə qəzetdir. Biz yeniləndik, böyüdük. Bizim klassik qəzetçilərimiz bu gün Nyu-medianın başındadırlar və transformasiyanın nümunəsini göstərirlər. Bizi oxuyan və izləyən hər kəsə böyük uğurlar arzulayıram".

Rəşad Məcid: "Rauf Arifoğlu mətbuatımıza nüfuz gətirən şəxslərdəndir"

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə görə, 36 yaşlı “Yeni Müsavat” qəzetində Azərbaycan mətbuatının tarixi, eyni zamanda, xalqın keşməkeşli dövrünün bütün prosesləri öz əksini tapıb: "Yeni Müsavat" həm də jurnalist məktəbi olub və bu qəzetdə ilk qələm təcrübələrini keçmiş jurnalistlər indi müxtəlif yerlərdə çalışır və onların əməyi hədsiz hörmətə malikdir. ”Yeni Müsavat" qəzet kimi fəaliyyətə başlasa da bu gün müasir  texnologiyalardan geri qalmır, televiziya, sayt  və digər sosial proqramlarda fəaliyyət göstərir, öndədir. Onun rəhbəri Rauf Arifoğlu Əməkdar jurnalistdir və bu mükafatı ona Azərbaycan Prezidenti şəxsən təqdim edib. 

Rauf Arifoğlunun hələ gənc yaşlarından necə dinamik olduğunu görmüşəm. O, hər zaman ilk olaraq qəzeti, informasiyanı düşünüb. Ümumiyyətlə, biz onunla dəfələrlə dünyanın bir çox ölkələrində səfərlərdə olmuşuq. Rauf Arifoğlu Azərbaycan mətbuatına nüfuz gətirən insanlardan biri olub. Mətbuat Şurası adından Rauf Arifoğlu başda olmaqla bütün kollektivi “Yeni Müsavat”ın 36 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm. Orda peşəkar və tanınmış jutnalistlər çalışır. Hamını ürəkdən təbrik edir, 40 illiyinizi birgə keçirməyi arzulayıram".

Bu gün Azərbaycan mətbuatında öz sözünü deyən neçə-neçə tanınmış jurnalist, redaktor və ictimai xadim məhz “Yeni Müsavat” məktəbinin yetirməsidir. Son 36 ildə “Yeni Müsavat” təkcə qəzet deyil, bir ideoloji brend olub. Bu ad həm partiya, həm qəzet, həm də xalq hərəkatının simvolu olaraq tarixə düşüb. Bu gün “Yeni Müsavat” həm qəzet, həm sayt və TV, həm də analitik platforma kimi fəaliyyətini davam etdirir. 

“Yeni Müsavat” meydandan doğuldu, senzuranın qapılarını qırdı, azad sözün tarixini yazdı. Bu - təkcə bir qəzetin yox, ümumən azad, milli və müstəqil düşüncənin doğum tarixidir...

Избранный
68
1
paytaxt.org

2Источники