RU

Səfir: Azərbaycan Nepalla əməkdaşlığı genişləndirməkdə qətiyyətlidir

Azərbaycan Nepalla bir sıra mühüm istiqamətlərdə əməkdaşlığı genişləndirməkdə, dövlət idarəçiliyi və infrastrukturun inkişafı sahələrində təcrübə mübadiləsi aparmaqda qətiyyətlidir.

Bu barədə Azərbaycanın Nepaldakı səfiri Elçin Hüseynlinin “Nepal Khabar” üçün yazdığı məqalədə deyilir.

Diplomat xatırladıb ki, noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsində zəfərin beşinci ildönümünü qeyd edir. Cəmi 44 gün ərzində Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri də daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi azad edilib.

Səfir vurğulayıb ki, müharibədən dərhal sonra Azərbaycan “Böyük Qayıdış” proqramı çərçivəsində yüz minlərlə məcburi köçkünün qayıtması üçün təhlükəsiz şərait yaratmağa diqqət yetirərək azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə və bərpa işlərinə başlayıb.

“Döyüş meydanında qazandığı qələbəyə baxmayaraq, artıq 2020-ci ilin noyabrında Azərbaycan regionda sülh təşəbbüsü ilə çıxış edib və bəyan edib ki, onun baxışı və yanaşması davamlı sülh quruculuğuna əsaslanır”, – məqalədə deyilir.

E.Hüseynli əlavə edib ki, intensiv danışıqlar 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzaladığı tarixi görüşün keçirilməsinə səbəb olub.

Səfirin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq Cənubi Asiya ölkələri, o cümlədən Nepalla daha geniş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır.

O qeyd edib ki, regionun aparıcı siyasi və iqtisadi qüvvəsi kimi Azərbaycan son vaxtlarda Nepalla ikitərəfli münasibətləri intensivləşdirib: uzun illər ərzində iki ölkə BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Nepal həmçinin 2025-ci il avqustun 8-də Vaşinqton razılaşmalarının nəticələrini rəsmi olaraq alqışlayan ölkələr arasında olub.

“Bu əlamətdar gündə – yeni sülh və rifah dövrünün əsasını qoyan Zəfərin beşinci ildönümündə Azərbaycan Nepalla dövlət idarəçiliyi, infrastrukturun inkişafı, institusional modernləşdirmə, rəqəmsal innovasiyalar, enerji keçidi, təhsil və digər sahələrdə təcrübə mübadiləsi daxil olmaqla praqmatik əməkdaşlığı genişləndirməyə həmişəkindən daha çox hazırdır”, – E.Hüseynli əlavə edib.

MənbəREPORT
Избранный
40
banker.az

1Источники