RU

“PAŞA Holdinq”dən Zəfər Gününə layiq töhfə

Bakı, 8 noyabr, AZƏRTAC

Ölkəmizin iqtisadiyyatında mühüm rol oynayan “PAŞA Holdinq” minlərlə iş yeri yaratmaq, əhalinin sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, humanitar xarakterli layihələrdə də fəal iştirak edərək Azərbaycana xidmət edir.

Sosial məsuliyyət prinsiplərini ardıcıl şəkildə həyata keçirən şirkət Zəfər Günü ərəfəsində, noyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşma protokolu imzalayıb və inşa etdiyi Zəfər Parkı və Zəfər Muzeyini rəsmi şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verib.

Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin əsas məqsədi Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir.

Zəfər Parkının ümumi ərazisi 9,16 hektar, yaşıllıq zonası isə 4,24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9,9 metr hündürlüyündə memorial abidə və şəhidlərin adlarının yazıldığı 8,8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114,5 milyon manat vəsait sərf olunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4278 kvadratmetr olan bina, 8 sərgi zalı, 90,7 kvadratmetrlik auditorium zonası və digər ziyarətçi sahələri ilə fəaliyyət göstərəcək. Muzeyin inşasına 59,5 milyon manat məbləğində vəsait ayrılıb.

Şirkətin bu təşəbbüsü dövlət və xalq tərəfindən yüksək qiymətləndirilir. “PAŞA Holdinq”in belə humanist addımları vətənpərvərlik ruhunun güclənməsinə, gənclərin Vətən sevgisinin artmasına mühüm töhfə verir.

Bu layihə göstərir ki, bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən şirkətlər yalnız iqtisadi dividendləri deyil, həm də milli-mənəvi dəyərləri, tarixi Qələbəmizin əbədiləşdirilməsini düşünməli və bu istiqamətdə məsuliyyətli addımlar atmalıdırlar.

“PAŞA Holdinq”in bu nümunəvi təşəbbüsü ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər üçün də sosial məsuliyyət və vətənpərvərlik baxımından örnəkdir. Hər bir özəl qurum şəhərlərimizin abadlığına, insanların rifahının yüksəldilməsinə və vətənpərvərlik layihələrinin gerçəkləşdirilməsinə öz töhfəsini verməlidir.

Azərbaycanın tarixi Zəfərinə “PAŞA Holdinq”in göstərdiyi bu yüksək münasibət şirkət rəhbərliyinin Vətənə bağlılığını, milli dəyərlərə sadiqliyini nümayiş etdirir. Belə layihələr şirkətin ictimai nüfuzunu və cəmiyyətin ona olan etimadını daha da artırır.

“PAŞA Holdinq” 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpası və yenidənqurulmasında da fəal iştirak edir. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı, Ağdam Cümə, Qiyaslı kənd məscidləri bərpa olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Zəngilan, Hadrut və Daşaltı məscidləri inşa edilib. Hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.

Избранный
42
1
azertag.az

2Источники