Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.
Paytaxt.org-un “Qafqazinfo”ya istinadla məlumatına görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "JF-17 Thunder" tipli döyüş təyyarələri Bakıda keçiriləcək hərbi paradda nümayiş olunacaq.
Paytaxt.org xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradioyayım naziri Attaulla Tarar açıqlama verib.
Nazirin sözlərinə görə, paradda yalnız qırıcı təyyarələr deyil, Pakistan Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək.
Bakı sakinləri və şəhərə gələn qonaqlar bu möhtəşəm tədbiri izləmək üçün Dənizkənarı bulvara üz tutublar. Şəhərdə bayram ab-havası hökm sürür. Əllərində üçrəngli bayraq dalğalandıran böyüklü-kiçikli, gənc və yaşlı hər kəs qələbə sevincini bir daha yaşamaq üçün bulvara axışır. Küçələrdə milli musiqilər səslənir, uşaqlar sevinc içində bayraqları yelləyir, insanlar isə 8 Noyabr Zəfər Gününün qürurunu birgə paylaşır.