RU

Laçında “Zəfərin Səsi - Laçın 2025” adlı tədbir keçirilib - FOTO

Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Dövlət Bayrağı Meydanından başlayan tədbirdə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub və milli birliyimizin, dövlət qüdrətimizin rəmzinə çevrilib.

Xüsusi nümayəndə vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər-zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır.

Məsim Məmmədov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Bakıda - Azadlıq Meydanında Zəfər Gününə həsr olunmuş möhtəşəm hərbi paradın keçirildiyinə də toxunub. O, bu tədbirin dövlətimizin gücünü, Ordumuzun qüdrətini və xalq-dövlət birliyini nümayiş etdirdiyini bildirib.

O, həmçinin qeyd edib ki, zəfərin rəmzinə çevrilən Laçında bu bayramın qeyd olunması həm qayıdışın, həm də dirçəlişin simvoludur. Bu torpaqlara həyatın, inkişafın və insan nəfəsinin qayıdışı şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.

Daha sonra şəhid Sahib Həsənovun həyat yoldaşı Mehriban Binntova çıxışında şahid ailələrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib:

“Bu torpaqlarda yenidən addımlayırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin cəsarəti sayəsindədir. Həyat yoldaşım Vətən uğrunda döyüşə getdi və geri dönmədi, amma mən bilirəm ki, o, bu gün buradadır – bu dağlarda, bu bayraqda, bu azadlıq nəfəsində. Bizim şəhidlərimiz torpağa deyil, Vətənə qarışdılar. Bu Zəfər yalnız bir döyüşün deyil, bütün xalqımızın dirənişinin simvoludur”.

2020-ci il Vətən müharibəsi qazisi Taleh İsgəndərov çıxışında döyüş yolundan danışaraq, döyüşə qorxu ilə deyil, inamla getdiklərin bildirib:

“Bu gün burada olmağımız təkcə bizim yox, bütün Azərbaycan xalqının Zəfəridir. Şəhid olan döyüş yoldaşlarımız bizə bu qürurlu qalibiyyəti əmanət etdilər”.

1990-cı il Qarabağ müharibəsi veteranı Şakir İsgəndərov isə çıxışında müharibə illərindən, düşmən mühasirəsində keçirdiyi günlərdən danışıb:

“54 gün düşmən mühasirəsində qaldım. Hər səhər dua edirdim: 

“Ya Rəbbim, bayrağımı yerə salma, imanımı sındırma”. Əlimdə yalnız bir ümidim – bayrağım, bir dayağım – Quranım vardı. Şükürlər olsun, bu gün həmin arzuma çatdım. Laçındayam, bayrağımızın kölgəsindəyəm. Bu, ömrümün ən böyük mükafatıdır”.

Tədbir rəsmi hissədən sonra Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib. Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də sakinlər, könüllülər və ekoloji təşəbbüsü dəstəkləyən gənclər iştirak ediblər.

"Cebheinfo.az"

Избранный
10
11
cebheinfo.az

10Источники