RU

Bu kənd təsərrüfat məhsulları bahalaşa bilər – HAVA FAKTORU…

Payız aylarında müşahidə olunan dəyişkən hava şəraiti fermerlər və bağ sahibləri üçün müəyyən çətinliklər yaradır. Temperaturun kəskin dəyişməsi, yağıntıların qeyri-bərabər paylanması və rütubətin artması kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə bitkilərinin məhsuldarlığına təsirsiz ötüşmür.

Bu barədə KONKRET.az-a hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov məlumat verib:

Cavid Hüseynov

“Qeyri-sabit payız havası məhsuldarlığa müəyyən qədər öz mənfi təsirini göstərməklə meyvələrin normal böyümə və məhsul yığımı dövrlərini poza bilir, erkən soyuq hava şəraiti sitrus ağaclarını ciddi şəkildə zədələyir.

Xüsusən də payızın sonunda soyuq atmosfer cəbhəsi gözlənilmədən gəldikdə, bu, ağaclara mənfi təsir göstərir. Yüksək temperatur amplitudası ağacları stresə salır və meyvələrin böyüməsinə mane olur. Temperaturun dəyişməsi və izafi rütubətlik ağacların meyvə vermə qabiliyyətini zəiflədir, yüksək temperaturlar isə fotosintez prosesini azaldır.”

Cavid Hüseynov qeyd edib ki, dəyişkən yağıntı və rütubət stresi meyvələrin kimyəvi tərkibinə də təsir göstərir.

Onun sözlərinə görə, təbii bitki örtüyündə və ekosistemdə baş verən dəyişikliklər iqlim dəyişikliyinin mənfi nəticələrindəndir:

“İqlim dəyişikliyi səbəbindən bitkilərin vegetativ və reproduktiv fazalarının müddətində fərqlər yaranır. Əksər meyvə bitkilərində yüksək temperatur vegetativ fazanı qısaldır, bu isə çiçəklənmə üçün tələb olunan gün intervalını azaldır.”

Ekspert əlavə edib ki, bu cür iqlim dəyişkənliyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və miqdarına birbaşa təsir göstərir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
13
4
konkret.az

5Источники