RU

Zəfər yumruğu

2013-cü il 18 sentyabr – həyatımın ən əlamətdar günlərindən biri. Qubada “Azərbaycanlıların soyqırımı Memorial kompleksi” muzeyinin ekspozisiyasının müəllifi kimi Heydər Əliyev Fondunun kiçik, lakin çox peşəkar və mobil kollektivi ilə birlikdə bir il yarım ərzində ərsəyə gətirilən muzeyin açılış mərasimi baş tutacaqdı. Bu mərasimdə ölkə başçısı, cənab Prezident İlham Əliyevi, birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı, Fondun və Quba rayonunun rəhbərliyini muzeyin ekspozisiyası ilə tanış etmək müəllif kimi mənə həvalə olunmuşdu. Açılışdan əvvəl muzeyin quruculuğunda çox böyük zəhməti olan, o vaxt Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov məni xəbərdar etmişdi ki, muzeyin açılışından sonra cənab prezident Quba ictimaiyyəti qarşısında çıxış edəcək. Muzeyin ümumi kontekstində onun daha mühüm xüsusiyyətlərini Prezidentin nəzərinə çatdırmaq məsləhət olunurdı.

Qubadakı “Azərbaycanlıların Soyqırımı” muzeyinin çox fərqli bir quruluşu vardır. Belə ki, muzeyin əsas ekspozisiya zalı yerin altında yerləşir, bu da 2007-ci ildə həmin ərazidə tikinti işləri zamanı təsadüfən açılmış kütləvi məzarlıq və o vaxt Qubanın dinc əhalisini qətlə yetirmiş erməni silahlı quldur dəstələrinin etdikləri cinayətləri gizlətmək niyyəti ilə bağlı idi. Kompleksin memarı bu ideyadan çıxış edərək muzeyin binasını “nişanəsiz qəbir” formatında qurmuşdu, muzeyə giriş və çıxış isə insanlara vurulan xəncərin üzdə qalan sapını-qulpunu təcəssüm etdirirdi. Muzeyin ekspozisiyasını tərtib edərkən mən sosial tarix konsepsiyasından, yəni insanların, cəmiyyətin faciəsini göstərmək məqsədindən çıxış etmişdim. Odur ki, muzeyin əsas zalına – yerin altına “Giriş” dəhlizində “Dinc Quba” – Quba qəzasında (indiki Quba, Qusar, Xaçmaz, Şabran (Dəvəçi), Siyəsən rayonları) öz gündəlik həyatını yaşayan insanların həyatını təsvir edən, Quba və Dəvəçi camaatından yığılmış ailə və ictimai şəkillər nümayiş etdirilirdi.

Cənab Prezident, xanımı və qonaqların muzeylə tanışlığı təbii ki, “Dinc Quba” ekspozisiyası ilə başlayırdı və bütün eksponatları diqqətlə izləyən dövlət başçısının iki şəkil önündə ayaq saxlaması maraq doğurdu. Şəkillər 1907-1909-cu illərə aid Dəvəçi rayonunda müsəlman məktəbinin şagirdləri, o biri isə Qubanın yəhudi icmasının toy mərasimindən görüntülər idi. Prezidentin bu iki pozitiv məqama – uşaqlar və toy – xüsusi diqqət yetirməsi və şərhlər verməsi olduqca xoş təsir qoydu.

Əsas zalın baş divarında yerləşən ayrı-ayrı ekspozisiyaların – 1918-ci il kütləvi qırğın hadisələrinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyanın yaradılması haqda qərarlar qəbul edilmiş Azərbaycan Cümhuriyyəti rəhbərliyi, həmin Komissiyanın üzvləri, Azərbaycanın “1918-ci il Soyqırımı xəritəsi” önündən keçdikdən sonra mən dövlət başçısından Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart Fərmanı qarşısında dayanmasını xahiş etdim. Prezident bir qədər heyrətlə – “mən bu fərmanı əzbər bilirəm” – dedi. Mənim: - “Bu sənəddə bir hissə var ki, onu həyəcansız dinləmək olmur” - sözlərimdən sonra ayaq saxladı və mən özüm həyəcanımı boğaraq həmin tarixi sənədin son abzasındakı bu sətirləri səsləndirdim: “Azərbaycanın XIX—XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə — 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Cənab İlham Əliyev başını tərpədərək diqqətlə dinlədi və daha sonra ekspozisiya ilə tanışlığı davam etdi. Azərbaycanlıların soyqırımını törədən erməni rəhbərləri və icraçıları haqqında ekspozisiya önündə də ayaq saxlayan dövlət başçısının üzündə, gözlərində açıq nifrət və acıq dolu – “biz də 70 il bunlara qəhrəman demişik” – sözlərindən sonra düzü mən qarşımda Ermənistan rəhbərliyi ilə görüşlərində və danışıqlarda böyük təmkin və soyuqqanlılıq nümayiş etdirən siyasətçi İlham Əliyevi deyil, düşmənə ən barışmaz və bağışlanmaz bir mövqedə duran bir Azərbaycan Kişisi, Azərbaycan döyüşçüsü gordüm.Daha bir xoş təəssürat, mənim üçün isə xüsusilə mühüm məqam Prezidentinin muzeyin “1918-ci il hadisələri dövrün ictimai xadimləri və dövrü mətbuatının çıxışlarında” adlanan "Çıxış" dəhlizinin son ekspozisiyası – Qafqaz İslam Ordusunun görüntüləri ilə bağlı oldu. Bu ekspozisiyaya görə mən Heydər Əliyev Fondunun orta səviyyəli, təşkilati işlərlə məşğul bir əməkdaşı ilə əsil münaqişə yaşamışdım. Tarixdən uzaq bir şəxs olan bu xanım muzeyin Qafqaz İslam Ordusunun ekspozisiyasının əleyhinə olaraq onun kütləvi məzarlığın şəkilləri ilə, bədbin bir ruhda tamamlanmasını düzgün sayırdı və özü bir söz sahibi olmasa da Fondun rəhbərliyini buna inandıra bilmişdi. Yalnız mənim inadım və verdiyim izahlar qarşısında Anar Ələkbərov dərhal əvvəlki ekspozisiyanın yerinə qaytarılmasına göstəriş vermişdi.

İndi, muzeylə tanışlığın sonunda dövlət başçısının “Ooo, Qafqaz İslam Ordusu” sözləri ilə iti addımlarla bu ekspozisiyaya yaxınlaşması və mənə “Çox yaxşı ki, muzey nikbin ruhda qurtarır” – deməsinin doğurduğu təəssüratı özünüz təsəvvür edə bilərsiniz.

Cənab Prezidenti, Mehriban xanımı və digər qonaqları muzeyin ekspozisiyası ilə tanış etdiyim bu mərasimdə digər təfərrüatlara varmadan onun Quba ictimaiyyəti qarşısında sözün əsl mənasında möhtəşəm nitqinin doğurduğu təsiri vurğulamaq istərdim. Düz 45 dəqiqə, heç bir vərəqə-kağıza baxmadan, sinədən, gözəl və səlis Azərbaycan dilində söylədiyi bu nitq muzeydə gördüklərinin ümumiləşdirilmiş ifadəsi olmaqla bir sıra virtuoz ekspromtları ilə də görünməmiş bir həyəcan doğururdu: “Azərbaycan Respublikası Cümhuriyyət hökumətinin varisi olaraq onun başa çatdıra bilmədiyi işi tamamladı, erməni təcavüzünə siyasi qiymət verildi”; “Muzeydə Şamaxı şəhərinin tamamilə dağıdılmış şəkilləri var, indi Ağdam o gündədir, Fizuli o gündədir” və sair.

Nəhayət, “Mən orda da dedim, indi də təkrar edirəm. Muzey çox təsirlidir və xüsusilə mühümdür ki, o, Qafqaz İslam Ordusunun şəkilləri ilə, nikbin bir ruhda qurtarır. Və mən sizə söz verirəm. Necə ki, Qafqaz İslam Ordusu 1918-ci ildə işğal olunmuş Azərbaycan ərazilərini azad etdi, Azərbaycan ordusu da işğal altında olan torpaqlarımızı azad edəcəkdir!”.

Bu sözləri bitirərkən Prezident çıxış etdiyi tribunaya möhkəm bir yumruq vurdu və bu yumruğun səsi mikrofona düşərək böyük əks səda doğurdu...

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun işğal altında olan torpaqlarının azad edilməsinə başlandığı günlərdə Ali Baş Komandan İlham Əliyevin qaldırdığı yumruğu ilk dəfə görərkən mən 2013-cü il 18 sentyabrında nümayiş etdirilmiş o Yumruğu və onun zərbəsinin ətrafa yayılmış sədalarını xatırladım!

Qələbəyə ƏMİNLİK nümayişi olan həmin Yumruq 2020-ci ilin 8 noyabrında ZƏFƏR Yumruğuna çevrildi. Və bu dəmir yumruq yalnız düşmən üzərinə vurulan zərbə deyildi.

Bu yumruq Vətən torpaqlarını azad edəcəyinə heç vaxt ümidini itirməyən və bu məqsədlə həqiqətən bir yumruq kimi birləşən Azərbaycan xalqının əzminin, Vətən uğrunda döyüşə və ölümə hazır olan Azərbaycan əsgərinin, öz Baş Komandanı ətrafında toplanaraq bir hədəfə vuran bir ordunun gücünün təcəssümü idi.

Bu yumruq uzun illər ordusunu və xalqını bu qələbəyə hazırlayan və aparan, özünün Ali Baş Komandan adının qarşısına Müzəffər sözünü əlavə edən Azərbaycan Respublikasının Prezidenti tərəfindən qazanılmış Qələbənin çox dəqiq düşünülmüş və uğurlu simvolu, rəmzi idi və bu mənalarda da tarixə yazıldı.

Zəfər bayramımız mübarək, Azərbaycan xalqı!

Zəfər Bayramın mübarək, Azərbaycan Əsgəri!

Zəfər Bayramınız mübarək, Müzəffər Ali Baş Komandan!

Избранный
27
anspress.com

1Источники