Culfada şəhid Şamil Babayevin anım tədbiri keçirilib
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla Azərbaycan tarixində silinməz iz qoyan, adını xalqımızın yaddaşına qızıl hərflərlə yazdıran igidlərimizdən biri də kapitan Şamil Baloğlan oğlu Babayevdir. O, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmiş, 8 noyabr 2020-ci ildə – Zəfər Günündə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid kapitan Şamil Babayevin şəhadətinin beşinci ildönümü münasibətilə Culfa rayonunda anım tədbiri keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini və səlahiyyətlərini icra edən Sara Hüseynova, YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Vətən müharibəsində canlarını torpaqlarımızın azadlığı uğrunda qurban verən qəhrəman oğullarımızın şücaətindən söz açaraq, onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə örnək olduğunu bildiriblər. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Kapitan Şamil Babayev göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV



