RU

Xalqımızın bayraq sevgisi Vətənə qələbələr qazandırıb

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür 

Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan Bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Şuşa şəhəri, 15 yanvar 2021-ci il. 

Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...

Heydər ƏLİYEV, Ümummilli lider

Mən səni Ağdamda, Şuşada, Xankəndidə, Laçında görmək istəyən əlli milyondan biri idim, Azərbaycan Bayrağı. Gördüm. Elə bildim ki, oralarda yer də, göy də sənin rənglərindən rəng alaraq möhtəşəm bir əsrarəngizlik qazanmışdı. Ağdamda çöllər, Şuşada dağlar, Laçında dərələr, Xankəndidə isə ... otuz il sənin həsrətini çəkən meydanlar indi sənin rənglərinlə süslənirdi, üçrəngli müqəddəsimiz, Tanrının bəxş etdiyi, baş əydiyimiz tutiyəmiz. 

İşğaldan azad edilmiş istənilən kənddə, şəhərdə Azərbaycan Bayrağını görəndə şəhidlərə rəhmət diləyir, qazilərə şəfa arzulayır, Azərbaycan əsgərinin əzminə, qüdrətinə baş əyirdim. O yerlərin istənilən ünvanında səni – Azərbaycan Bayrağını görəndə “Bayrağın daim uca olsun, cənab Ali Baş Komandan!” – demədən ötə bilmirdim. 

Səninlə hər görüşdə böyük ədibimiz Cəfər Cabbarlının “Azərbaycan Bayrağına” adlı şeirini xatırlayır, yadımda qalan sətirləri təkrar edirdim: 

“Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.Mələklərin qanadımı üzərinə kölgə salan?Nə imiş bu, aman Allah?! Od yurdunun yaprağı!Göy yapraqlı, al çiçəkli yaşıl otlar topasımı? Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.Fəqət bizim bayrağımız ucaları pək seviyor,Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor”.

Cəfər Cabbarlı Azərbaycan Bayrağının ulduzlardan, Aydan da yüksəklərdə fırlandığını ötən əsrin əvvəllərində demişdi. Prezident İlham Əliyev isə Azərbaycan Bayrağını bu əsrin əvvəllərində kosmosa göndərdi. Bu gün üçrəngli dövlət Bayrağımız kosmosdakı rabitə və müşahidə peyklərimizin üstündə Cəfər Cabbarlı demişkən, “fırlanıyor”. 

...Təbii ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının təsis edilməsi, cəmi 23 aydan sonra həmin dövlət atributumuzun da digər atributlarımız kimi yasaqlanması, ulu öndər Heydər Əliyevin əsrin sonuncu onilliyində Xalq Cümhuriyyətimizin bayrağını Naxçıvanda qaldırması, Bakıda Dövlət Bayrağı Meydanının açılması və bu qəbildən olan digər tarixi faktlar barədə dəfələrlə yazıldığına görə o qədər də təfərrüata varmaq istəmirik. Ancaq elə məqamlar var ki, adam onu təkrar edəndə “ürəyindən tikan çıxmış kimi” olur. 

Məsələn, Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının açılışında demişdi: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Maraqlıdır, həmin mərasim, yəni adıçəkilən meydanın açılışı 2010-cu il sentyabrın 1-də olmuşdu. Düz on il sonra, yenə də bir payız fəslində Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından kəndbəkənd azad etdikcə yaşayış məntəqələrinin hamısında dövlət bayrağımız qaldırılırdı. O zaman mən həmin mənzərəni “Bayraqların paradı” adlandırmışdım. Qocaman həmkarlarımızdan biri isə mənimlə razılaşmamışdı: “O, bayraqların paradı deyil, Prezident İlham Əliyevin sərkərdəlik məharətinin təntənəsidir”. 

Təbii ki, hər ikimiz haqlı idik. Fakt ondan ibarət idi ki, bir tərəfdən bayrağımız cəbhədə, öndə olan əsgərlərin yoluna işıq salmaq istəyirmiş kimi döyüşən hərbi hissələrin ardınca gedirdi, digər tərəfdən, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünürdü. Prezidentin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnaməyə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunu imzalaması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəsidir.

Prezident Kitabxanasının elektron materiallarında (preslib.az) oxuyuruq ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd olunur. 

Qətiyyətlə və fəxrlə deyə bilərik ki, son 20 ildə Azərbaycanın Dövlət Bayrağının dünyanın az qala hər yerində dalğalandığının şahidi oluruq. Respublikamız öz dövlət müstəqilliyini bərpa edəndən qısa müddət sonra biz BMT-nin üzvü olduq və bayrağımız həmin mötəbər beynəlxalq təşkilatda dünya ölkələrinin bayraqları ilə yanaşı dalğalandı. Sonra ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasıyla gənc müstəqil dövlətimizin dostları və tərəfdaşları birəbeş qat artdı və səfirlik, konsulluq açdığımız ölkələrdə Azərbaycan bayraqlarının sayı aydan-aya çoxaldı. 

Daha sonra Prezident İlham Əliyevin siyasi-diplomatik uğurlarının beynəlxalq aləmdəki əks-sədası olaraq, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və iki il həmin beynəlxalq təşkilatın tədbirləri Azərbaycanın sədrliyi ilə Bayrağımızın altında keçirildi. Daha sonra Qoşulmama Hərəkatına sədrliyimiz gəldi. Dünyanın yüzlərlə siyasi lideri dəfələrlə Azərbaycan Bayrağının altında yığışdı. 

Sonra ölkəmiz daha mötəbər bir tədbirə – BMT xətti ilə keçirilən COP29-a ev sahibliyi etdi. Həmin tədbirə gələn dünya siyasətçilərini iki lider qarşılayırdı – BMT-nin Baş katibi Antonio Quterreş və Azərbaycan Prezidenti İlham Əliyev. Liderlərin qarşılandığı xüsusi zalda iki bayraq qoyulmuşdu – BMT-nin və Azərbaycanın bayraqları. 

Bütün bunlarla yanaşı, biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrlik etmişik, həmin qurum Türk Dövlətləri Təşkilatına (TDT) çevriləndən sonra onun mühüm tədbirlərindən bir neçəsi Bakıda – Azərbaycan Bayrağının altında keçirilmişdir. Bir sözlə, dünya Azərbaycan Bayrağının əsrarəngiz rənglərini görür, sevir və salamlayır. 

Sonda daha iki faktı xatırlatmaq istəyirəm. Əslində bu barədə bir dəfə yazmışam. Ancaq indiki əlamətdar dövrdə – Zəfər Gününün beş illiyində – o beşilliyin ertəsi günü Dövlət Bayrağı Günüdür, onun ertəsi günü Ermənistan rəhbərliyinin kapitulyasiya aktını imzadığı gün, sonra Konstitusiyamızın 30 illiyi gəlir – həmin faktları təkrarən xatırlatmağa dəyər. 

Birinci fakt: Prezident İlham Əliyev 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışı mərasimində çıxış edərkən “bu bayrağı Şuşada, Xankəndidə də qaldıracağıq” – deyəndə dönüb yanımdakı köçkün qocaya baxmışdım. Qoca üzündəki qırışların arasıyla axan göz yaşlarını silirdi və onun gözlərindən oxuduğum ifadələri qələmə almaq mənim üçün həddən artıq çətindir. Dilimdən sadəcə bir söz çıxmışdı: “Salam, Azərbaycan Bayrağı!”.

İkinci fakt: Allah həmişə mənim tərəfimdə olub. Elə Dövlət Bayrağımızı hər gün, hər an uca, dalğalanan şəkildə görməyi də mənə Allah nəsib edib. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident Sərəncamı əsasında tikilmiş yaşayış binasında mənzil verilmiş qələm sahiblərindən biri kimi, uzun müddət hər səhər və hər axşam o uca bayrağın yanından keçmiş, onu salamlamışam.

...Bu il avqustun 8-də isə Azərbaycan Bayrağı dünyanın ən qüdrətli dövlətinin Baş ofisində – Ağ Evdə dalğalandı. Liderimizin və bayrağımızın Ağ Evdə o şəkildə – inam və ehtiramla qarşılanması çoxmilyonlu dostlarımızı, tərəfdaşlarımızı məmnun, bədxahlarımızı isə məyus və peşman etmişdi. 

Həmin məmnunluğun da, məyusluğun da davamı gəlsin, İnşallah! Həmişə ucalarda olasan, Azərbaycan Bayrağı!

İttifaq MİRZƏBƏYLİ, Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
xalqqazeti.az

2Источники