RU

Rusiyada əməliyyatsız şişləri məhv edən yeni tibbi kompleks hazırlanıb

BAKI, 9 noyabr. TELEQRAF

Rusiyalı alimlər ölkədə ilk dəfə mikrodalğalı radiasiya vasitəsilə əməliyyatsız şəkildə şişləri məhv edən tibbi kompleksin prototipini hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə layihə rəhbəri Fyodor Koçetov TASS-a məlumat verib.

Onun sözlərinə görə, qurğu 2026-cı ildə Roszdravnadzorda (Səhiyyədə Nəzarət üzrə Federal Xidmət) qeydiyyata təqdim ediləcək:

“Belə sistemlər dünyada mövcuddur, lakin Rusiyada hələ istehsal olunmur. Bizim prototip artıq laborator sınaqlardan uğurla keçib. Kompleks mikrodalğalı generatora qoşulmuş antenadan ibarətdir. Antena şişin daxilinə yeridilir və elektromaqnit enerjisi yayaraq toxumada lokallaşdırılmış istilik yaradır. Bu enerji su molekullarını qızdırır, onlar da istiliyi ətrafdakı hüceyrələrə ötürür. Nəticədə, zədələnmiş toxuma yüksək temperaturda məhv olur, sağlam hüceyrələr isə qorunur.

Yeni texnologiya xüsusilə süd vəzisi, qalxanabənzər vəz, ağciyər, böyrək və qaraciyər şişlərinin müalicəsində istifadə edilə bilər. Bu üsulla əməliyyatın müddəti 1 saatdan 20 dəqiqəyə qədər qısalır".

F.Koçetov qeyd edib ki, cihazın 70%-i yerli komponentlərdən ibarətdir və bəzi göstəricilərinə görə Çin və ABŞ analoqlarını üstələyir. Qurğu 6,5 millimetrdən 70 millimetrədək olan nahiyələrdə dəqiq təsir göstərə bilir:

"Sistemin üstünlüklərindən biri də ümumi narkoz tələb etməməsi və cəmi bir cərrahın iştirakı ilə yerli keyitmə altında tətbiq olunmasıdır".

Mikrodalğalı ablasiya üsulu Rusiyada ilk dəfə Seçenov Universitetinin klinikasında pankreas və qalxanabənzər vəz şişlərinin aradan qaldırılması zamanı tətbiq olunub.

Universitetin dosenti Maksim Saliba bildirib ki, bu metod mini-invaziv xarakter daşıyır və əməliyyatdan sonra demək olar ki, heç bir iz qalmır:

“Ablasiya zamanı şiş sanki buxarlanır, onun tam məhvi bir neçə dəqiqə ərzində baş verir”.

Layihə Novosibirsk Texnoparkının “A:START” proqramı çərçivəsində təqdim olunub. Tədqiqatlar Seçenov Universiteti, Novosibirsk Dövlət Universiteti və Sibir Akademşəhərciyinin elmi institutları tərəfindən aparılır.

Alimlər cihazı Rusiya bazarına 2029-cu ildə, beynəlxalq bazara isə 2032-ci ildə çıxarmağı planlaşdırırlar.

Избранный
56
teleqraf.com

1Источники