RU

Möhtəşəm hərbi-siyasi qələbələr və yeni strateji hədəflər

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş tarixdir. Həmin tarixin üç qəhrəmanı var: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və "dəmir yumruğ"a çevrilmiş xalq. Bu reallıqda Prezident, ordu, xalq sözləri sinonimləşərək tarixi Zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə həkk etdi. Bu tarixi qələbə ilə ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə, bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar. 

Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə son qoyuldu. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri "Miatsum" ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı bu təcavüzkar ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. 

Vətən müharibəsindən sonra Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altında olan Qarabağdakı xunta rejimininin tör-töküntüləri, görünür, öz strateji məğlubiyyətlərindən lazımi nəticə çıxara bilmədilər. Əks halda Ermənistanla şərti sərhədlərimizdə tərətdikləri hərbi insidentlərə, doyüş mövqelərimizi iriçaplı silahlarla atəşə tutmalarına, mülki şəxslərə və polis nəfərlərinə qarşı mina terroru siyasəti həyata keçirmələrinə, qondarma  "pezident seçkiləri" keçirmələrinə nə ad vermək olar?

Bu məsələlərə qiymət verən Prezident İlham Əliyev 2023-cü ildə demişdir: "Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ respublikasının" yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma "Dağlıq Qarabağ"ın qondarma hakimiyyət orqanları "seçki" keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi". 

Belə olan halda 2023-cü il sentyabrın 19-da Azərbaycanın antiterror tədbirləri keçirməkdən başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və Qarabağ ərazisi üzərində tam nəzarət bərpa olundu. Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan "böyük Ermənistan" Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradıldı, darmadağın edildi. 

 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Hərbi parad, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda Azərbaycan dövlətinin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və bu ərazilərin ölkənin ayrılmaz hissəsi olduğunu göstərdi.

Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onalara qarşı məhkəmə prosesinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.

Müharibəni udan Azərbaycanın sülh təşəbbüsünün reallaşması da sırf zaman məsələsidir. 8 avqust tarixi Vaşinqton razılaşmaları, bu xüsusda sülh sazişi layihəsinin mətninin paraflanması, Azərbaycan və Ermənistan siyasi liderlərinin ABŞ Prezidentinin şahidliyi və iştirakı ilə Birgə Bəyannamə imzalaması, ATƏT-in Minsk qrupunun ləğvi və digər reallıqlar sülhə olan inamı kəskin artırmışdır. Rəsmi Bakı və İrəvan arasında etimad mühitinin formalaşması istiqamətində atılan addımlar, xüsusilə Azərbaycandan tranzit olaraq Ermənistana keçəcək yüklərə məhdudiyyətin aradan götürulməsi ilə bağlı Prezident İlham Əliyevin Astanada səsləndirdiyi mövqe, bunun qarşılığında Ermənistanın müvafiq öhdəliklə çıxış etməsi, iki dövlətin vətəndaş cəmiyyəti institutları təmsilçiləri arasında İrəvanda baş tutan görüş sülh gündəliyinin irəli aparılmasında mühüm amillər kimi dəyərləndirilə bilər. 2026-cı il regiona sülh gətirəcək il kimi tarixə düşə bilər.

Dünən Zəfərimizin 5-ci ildönümünə həsr edilən tarixi hərbi paradı keçirməklə Azərbaycan bütün dünya ictimaiyyətinə, xüsusən Cənubi Qafqaz bölgəsinə sülh və sabitlik arzulayan xarici tərəfdaşlarımıza, habelə müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyən beynəlxalq qaragüruhçu qüvvələrə  də mühüm mesajlar vermiş oldu. Bu parad həm Azərbaycanın hərbi üstünlüyünü, həm siyasi iradəsini, həm diplomatik məharətini, həm də güclü müttəfiqlərə malik olduğunu nümayiş etdirdi. Bu hərbi paradla tarixin ən qüdrətli Azərbaycanı bir daha dünyaya təqdim olundu.

Elman NƏSİROV,

Milli Məclisin deputatı

Избранный
51
azerbaijan-news.az

1Источники