RU

Zəfər bayrağı azad torpaqlarımızda qürurla dalğalanır - Sevil Mikayılova

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü hər il 9 noyabrda ölkəmizdə böyük ehtiram və iftixar hissi ilə qeyd olunur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu gün yalnız bir dövlət atributunun bayramı deyil bu, Azərbaycan xalqının azadlıq iradəsinin, dövlətçilik ənənələrinin, milli həmrəyliyinin və qürur duyğularının təntənəsidir:

"Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngli Dövlət Bayrağını qəbul etməklə milli dövlətçiliyimizin ideoloji təməlini yaratdı. Bu bayraq xalqımızın əsrlər boyu azadlıq və istiqlal arzularını özündə birləşdirdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bu bayraq uzun illər boyu xalqımızın qəlbində ümid və müstəqillik arzularının rəmzi kimi yaşadı. 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımız yenidən dövlət rəmzi kimi qəbul edildi. Bu hadisə Azərbaycanın milli oyanışının rəmzinə çevrildi və 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən üçrəngli bayraq rəsmi Dövlət Bayrağı kimi təsdiqləndi".

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməsi ilə bu bayraq bir daha suveren dövlətimizin simvoluna çevrildi:

 

"2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edildi. Bu addım bayrağın milli kimliyimizin ayrılmaz hissəsinə çevrilməsi və gənc nəsildə dövlət rəmzlərinə dərin hörmət hissinin formalaşdırılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması bayrağımıza verilən ali dəyərin təcəssümüdür. Meydan 2010-cu il sentyabrın 1-də açılmış və bu, Azərbaycanın müstəqillik simvoluna göstərilən ehtiramın parlaq ifadəsi oldu. 2024-cü ildə yenidən qurulan meydanda dünyanın ən böyük bayrağı ucaldılıb, Dövlət Bayrağı Muzeyi isə müasir ekspozisiyalarla zənginləşdirilibr. Bu məkan artıq qürur, zəfər və milli birliyin ünvanına çevrilib".

Deputat qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə üçrəngli bayrağımızı yenidən ucalıqlara qaldırdı:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi və Azərbaycan Bayrağı bu torpaqlarda bir daha dalğalandı. Hər azad edilmiş kənddə, qəsəbədə, şəhərdə qaldırılan bayraq dövlətin suverenliyinin təsdiqi, və şəhidlərimizin ruhuna ehtiramın rəmzi oldu. Bu gün azad Qarabağda, Şuşada, Xankəndidə, Laçında, Zəngilanda və digər azad edilmiş ərazilərdə dalğalanan üçrəngli bayraq xalqımızın əzmini və əbədi müstəqilliyini simvolizə edir".

S.Mikayılova əlavə edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarda şəxsən Azərbaycan Bayrağını ucaltması təkcə simvolik bir hadisə deyildi:

"Bu anlar dövlətin iradəsinin təntənəsi, xalqın birlik və gücünün təzahürü, həm də şəhidlərin ruhuna ən ali ehtiram idi. Hər qaldırılan bayraq düşmən işğalına son qoyulmuş torpağın azadlıq möhürü, Azərbaycanın yenidən dirçəlişinin nişanəsi idi. Bayrağımız sadəcə bir simvol deyil xalqın birliyinin, milli ideologiyanın, dövlətin ruhunun daşıyıcısıdır. Bu bayraq altında birləşən Azərbaycan xalqı bu gün dünyaya milli həmrəyliyin, müstəqil dövlətçilik ənənələrinin və qələbə əzminin nümunəsini göstərir. Qalib Azərbaycan xalqı üçün üçrəngli bayraq artıq sadəcə dövlət rəmzi deyil - millətin ruhunun, birliyinin və gələcəyə inamının nişanəsidir. Bu gün hər bir azərbaycanlı üçün bu bayraq - qələbənin, azadlığın, suverenliyin və sabitliyin simvoludur".

Избранный
6
2
day.az

3Источники